Xətai rayonunda 25 nömrəli məktəbdə valideyn narazılığı böyüyür - VİDEO

25 nömrəli məktəbin əvvəlki direktoru Fəridə Şərifova olub. O, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara və qanunsuzluq iddialarına görə vəzifəsindən azad edilib. Şərifova işdən kənarlaşdırıldıqdan sonra 25 nömrəli məktəbə müvəqqəti olaraq Humanitar Fənlər təmayüllü məktəb-liseyinin direktoru Nəzakət Əsgərova rəhbərlik edir. Valideynlərin sözlərinə görə, məhz bundan sonra məktəbdə gərginlik daha da artıb.
Valideynlər iddia edirlər ki, Nəzakət Əsgərova 25 nömrəli məktəbi də liseylə birləşdirmək və öz rəhbərlik etdiyi liseyin tərkibinə qatmaq niyyətindədir. Bu məqsədlə məktəbdə müxtəlif dəyişikliklər aparılmağa başlanıb. Onların sözlərinə görə, ilk olaraq nisbətən zəif nəticə göstərən şagirdlər müxtəlif bəhanələrlə məktəbdən uzaqlaşdırılmağa cəhd olunub. İmtahanlara isə müəllimlər deyil, məktəbin mühafizə xidmətində çalışan iri cüssəli əməkdaşların nəzarət etməsi uşaqlarda əlavə psixoloji gərginlik yaradıb.
Şagirdlərin ailələri bildirirlər ki, imtahan prosesində mühafizəçilərin iştirakı uşaq psixologiyasına mənfi təsir göstərib, nəticədə dərs mühitində narahatlıq və qorxu hissi güclənib. Bəzi valideynlərin sözlərinə görə, məktəbdə adi pedaqoji prinsiplərə zidd olaraq müəllimlərin səlahiyyətləri məhdudlaşdırılıb, şagirdlərin isə hüquqları kobud şəkildə pozulub.
Məsələ ilə bağlı rəsmi qurumların münasibəti hələlik məlum deyil. Valideynlər isə aidiyyəti dövlət orqanlarından vəziyyətə hüquqi qiymət verilməsini, uşaqların təhsil hüquqlarının qorunmasını və məktəbdə yaranmış gərginliyin aradan qaldırılmasını xahiş edirlər.
52 dəfə oxundu