O MƏNİM RUHUMUN BABASI!

O MƏNİM RUHUMUN BABASI!
Mənim bir BABAM var. Haqqında keçmiş zamanda nə yazmayacam, nə də danışmayacam. O dünya durduqca duracaq BABADIR!

Abasov Yusif Umudəli oğlu. 1920-ci ildə Sabirabad rayonunda Cavad kəndində anadan olub. Sovetlər bizim nəslimizə çox ağır günlər yaşadıb. Bütün Azərbaycan işğal olunub.

Rayonumuzda o dövrdə ali təhsil alan çox az sayda müəllimlərdən idi babam. 1941-ci ildə İkinci Dünya savaşı başlayıb və müharibəyə yollanıb. Evin böyük oğlu idi. Geridə 3 bacı və bir kiçik qardaşını bıraxıb getmişdi. Çox ağrılı-acılı günlər yaşadı. Müharibə bitdikdən sonra Cavada döndü. Və ömrünün sonuna qədər onminlərlə şagird yetişdirdi. Rayonda saysız-hesabsız riyaziyyatçılar yetişdirdi. Böyük adamlar yetişdirdi.

Hamıdan böyük özü idi. O bir DAHİ idi. O azad düşüncə simvolu idi.

Mən babamın ilk böyük oğul nəvəsi idim. Xatırlayıram 1996-cı ildə Müsavat Partiyasına üzv olanda iclasda elə belə dedi rəhmətlik Şahbaz bəy - (Müsavat Sabirabar Rayon Təşkilatının sədri. Məkanı cənnət olsun) "Rayon təşkilatımızın ən yaşlı üzvü Yusif Abasov, ən gənc üzvü Razi Abasovdur". Ömrümün sonuna qədər unutmayacağım qüruru yaşayırdım o gün. Xeyli sayda insan mənim üzvülüyə qəbulk olunmam üçün toplanmışdı. O zaman Nizamnaməyə görə, yeni üzvlərə kimsə iki köhnə üzv zamin olmalı idi. Amma mənə zamin filan lazım olmadı. Çünki əsrin əvvələrində də, əsrin sonlarında da Müstəqil Azərbaycanı quranlardan idi mənim BABALARIM! Tələbəliyin ilk ilində tez-tez rayona gedərdim.

Atamdan-anamdan öncə Babamı ziyarət edərdim. O qədər pozitiv, gülərüzlü adam idi ki, kəndimizə gələndə mütləq onunla görüşərdim. Bəzən küsərdi də məndən. Bakıdan onun üçün "Azadlıq", "Yeni Müsavat", "Bizim Yol", "Milli Yol", "Müxalifət" qəzetlərini aparmayanda küsərdi. Hər gün oxuyurdu. Ömrünün son saatlarına qədər oxudu. O qədər dərin məntiqi vardı ki, bəzən saatlarla dediklərini düşünərdim. Bir gözünü İkinci Dünya Savaşında itirmişdi, amma bir an olsun oxumaqdan qalmadı...
Əl barmaqları yox idi, amma adama o qədər isti, enerji dolu təsir edirdi ki, sanki səni bərk-bərk qucaqlayıb bağrına basır. Başqa bir aurası vardı, başqa bir adam idi mənim BABAM.

İslam dininə çox bağlı idi. Amma otağında masaüstü kitabları arasında "İncil", "Tövrat", "Zəbur", "Qurani-Kərim" vardı. Hər gün oxuyardı. O bir dərviş idi. Tanrıya özünü adamış dərviş.

İlk dəfə onun göz yaşlarını 20 yanvar faciəsi günü gördüm. Cavad kəndində Şəhid T.Məmmədov adına orta məktəbin qarşısında şagirdlərin önündə dayanmışdı. Gözlərindən axan yaş, yanaqlarından süzülərək torpağa düşürdü. İlk dəfə 11 yaşımda babamın göz yaşlarını silmək istəyirdim. Əlim çatmırdı, o çox hündürboy adam idi. O qədər səliqəli adam idi ki... Evimizdən məktəbə qədər 5-6 kilometr palçıqlı yolu piyada gedib qayıdırdı. Şalvarının ətəyi bir yana, heç ayaqqabısı belə çirklənməzdi.

O mənim idealım idi. O mənim atamın atası deyildi. O mənim fikir BABAM idi! O mənim üçün insanlığın, ədalətin, sevginin, Türkçülüyün BABASI idi! İlk dəfə etiraf edirəm - mən babamı atamdan çox sevirəm!

Tanrı ruhunu şad etsin RUHUMUN BABASI. Müəllim günün mübarək!


O MƏNİM RUHUMUN BABASI!

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1098 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...