Qobu torpaqlarının sirri: qəbiristanlıqdan bazara uzanan yol

Qobu torpaqlarının sirri:
Qanun adətən sadə vətəndaşın üstünə ildırım sürəti ilə enir. Bir kəndli həyətində toyuq hini tikmək istəsə, bir göz qırpımında “dövlətin qanun keşikçiləri” ayağının altında olur. İddia isə hazırdır: “Sən qanunu pozmusan, cəzalandırılmalısan!” Amma məsələ bələdiyyə sədrinə gəldikdə, nədənsə həmin qanun birdən-birə yuxuya gedir. Sanki qanunun da öz tanışı, öz “xüsusi adamları” var.

"DogruXeber.az"ın apardığı araşdırmalar bir daha təsdiq edir ki, Qobu qəsəbəsi bələdiyyə sədrinin əlində bir növ şəxsi təsərrüfata çevrilib. Qəbiristanlıqlardan tutmuş örüş sahələrinə qədər satılan torpaqlar, dövlət əmlakının qohum-əqrəba adlarına keçirilməsi və bu ərazilərin sonradan “yağlı tikə” kimi satışa çıxarılması artıq sirr deyil. Qəsəbə sakinləri isə əvvəlcə ümid edirdilər ki, yeni sədr Araz Nəcəfov sələfinin “qara tarixçəsini” təkrarlamayacaq. Amma indi deyirlər: “Əvvəlki sədrin əməl dəftərinə rəhmət oxutdurur.”

Əslində Araz bəyin bu qədər “fəaliyyətli” olmasına təəccüblənməyə dəyməz. Çünki bizdə vəzifə kreslosuna oturmaq üçün savad, bilik, təcrübə əsas şərt deyil. Yetər ki, “fərasət” olsun. Ən əsası isə qanunun boşluqlarını bilib, o boşluqları şəxsi ciblə doldurmaq bacarıq olsun. Necə demişlər: “Şakaya pul lazımdır!” Araz bəy də görünür ki, “şaka”nın ustasıdır – dövlət torpağını qohumlarının adına keçirir, sonra da elə onların əli ilə satdırır. Beləliklə, həm qanun kənardan pozulmur kimi görünür, həm də qazanc “yağ kimi” keçir cibə.

Burada ən maraqlısı budur ki, "DogruXeber.az" tərəfindən toplanan audio-səs yazıları, foto və digər sübutlar artıq aylarla Ədliyyə Nazirliyi, Baş Prokurorluq və DTX-ya göndərilib. Amma hələ də bu qurumlardan səs-səmir çıxmır. Bəs necə olur ki, vətəndaşın bir toyuq hinini qanun dərhal “axtarır”, amma bir bələdiyyə sədri açıq-aşkar dövlət əmlakını talayanda qanun birdən-birə kor və kar olur?

Qəsəbədə dolaşan şayiələrə görə Araz bəy daha yüksək vəzifə hədəfləyir. Əslində bu da məntiqlidir. Axı bizdə çox vaxt qanunsuzluqlarda “ustadlıq” edənlər daha yuxarı pilləyə yüksəlirlər. Sanki qanunsuzluq bir təcrübə məktəbidir – kim daha çox yeyib-içibsə, kim daha çox satıb-qazanc götürübsə, bir gün mütləq “təltif” olunur.

Əgər sadə vətəndaşın toyuq hini tikməsi qanunu pozursa, bəs bələdiyyə sədrinin dövlət torpaqlarını talan etməsi hansı qanunun maddəsinə düşür? Yoxsa bizdə qanun yalnız kasıbın üstünə işləyir, imkanlının üstünə isə heç vaxt? Qobu sakinlərinin gözlədiyi isə təkcə torpaqların qaytarılması deyil, həm də ədalətin bərpa olunmasıdır. Amma görünür ki, o ədalət hələ ki, yollarda itib.

Nəticə olaraq, Qobu bələdiyyəsi artıq illərdir “bəxti gətirməyən” bir quruma çevrilib. Amma maraqlıdır ki, onun başındakı sədrin isə bəxti daim gətirir. Gözümüz isə hələ də “ədaləti qoruyan” qurumların üzündədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...