Naxçıvan gömrüyündə şok özbaşınalıq

Naxçıvan gömrüyündə şok özbaşınalıq
Qorxmaz Məmmədovun yük avtomobili qəsdən “minik maşını” kimi sənədləşdirilib; məqsəd onun quru yolla çıxışının qarşısını almaq olub

“Görünür, Türkiyəyə gedib-gələnlərin sayını azaltmaq istəyirlər ki...”

“Gömrük işçisi dedi ki, maşın Sədərək Gömrük Məntəqəsindən Naxçıvana daxil olan zaman "minik maşını" kimi sənədləşdirilib, ona görə, bizim onu yük maşını kimi qeyd etməyə səlahiyyətimiz çatmır. Minik maşını da sərhədi keçə bilmədiyi üçün sizə çıxış verə bilmirik"

Naxçıvan Muxtar Respublikasında (MR) qeydiyyatda olan, hazırda Bakıda yaşayan Məmmədov Qorxmaz Hüseyn oğlu "Hürriyyət"in redaksiyasına gələrək, qarşılaşdığı qanunsuzluqlardan bəhs edib. Şikayətçi deyir ki, bir müddət əvvəl Bakı qeydiyyatında olan 77-LK-564 dövlət nömrəli "Mercedes Vito" markalı yük maşını ilə Naxçıvana getməyi qərara alıb. Quru sərhədi ilə ölkədən çıxa bilmədiyi üçün maşınını "avtovoz"a yükləyərək Gürcüstana göndərib, oradan isə özü idarə edərək, Türkiyəyə yola düşüb. Təxminən 10-15 gün qardaş ölkədə qaldıqdan sonra Sədərək Gömrük Məntəqəsi vasitəsilə Naxçıvana daxil olub. Bu zaman, özünün də xəbəri olmadan, sənədləşmədə "Mercedes Vito" markalı yük avtomobili "minik maşını" kimi qeyd olunub. Elə problem də bundan sonra başlayıb...

Qorxmaz Məmmədov deyir ki, sözügedən avtomobil onun özünə məxsus olsa da, rəsmi olaraq qardaşı Məmmədov Elçin Hüseyn oğlunun adına qeyddiyyatdadır. O, həmin avtomobili etibarnamə ilə idarə edir.

Şikayətçinin sözlərinə görə, Sədərək Gömrük Məntəqəsində ona məxsus yük avtomobilinin "minik avtomobili" kimi qeyd olunmasından xəbərsiz halda, Naxçıvana daxil olub. Bir neçə gün sonra isə İran üzərindən Bakıya qayıtmaq istəyib.

"Bilirəm ki, mənim maşınım yük maşınıdır, rahat gedib-gələcəm. Odur ki, bir neçə gün sonra İrandan keçməklə Bakıya gəlmək istədim. Maşın da boş idi. Culfa Gömrük Məntəqəsinə gəldim, günorta saat 15:00-dan gecə saat 12-dək növbədə saxladılar. Nəhayət, hamı kimi, mən də sənədləri təqdim etdim. Lakin 1 saat keçsə də, cavab çıxmadı. Sonra sənədləri gətirib dedilər ki, səhər saat 9-da gəlin, sərbəst keçəcəksiniz. Soruşdum ki, indi niyə keçə bilmirəm, problem nədir? Gömrük işçisi dedi ki, maşın Sədərək Gömrük Məntəqəsindən Naxçıvana daxil olan zaman "minik maşını" kimi sənədləşdirilib, ona görə, bizim onu yük maşını kimi qeyd etməyə səlahiyyətimiz çatmır. Minik maşını da sərhədi keçə bilmədiyi üçün sizə çıxış verə bilmirik", - deyə Q.Məmmədov bildirdi.

Şikayətçi hesab edir ki, Sədərək Gömrük Məntəqəsindən keçən zaman onun yük maşını məqsədli şəkildə "minik avtomobili" kimi qeydiyyata alınıb: "Bunu qəsdən edirlər ki, həmin maşın bir daha quru yolu ilə Naxçıvan sərhədindən heç yerə çıxa bilməsin. Görünür, Türkiyəyə gedib-gələnlərin sayını azaltmaq istəyirlər. Çünki nə qədər az maşın gedib-gələrsə, daha az məhsul daxil olar. Hansı ki, burda da əsasən kiçiktutumlu yük maşınlarından söhbət gedir. Üstəlik, onlara da vaxt qoyurlar ki, ay ərzində ən çoxu 2 dəfə gedib-gələ bilərsiniz".

Qorxmaz Məmmədov məlumat verir ki, Naxçıvandan yük maşınlarının istər Türkiyə, istər də İrana keçməsinə qanun çərçivəsində icazə verilir: "İnsanlar acından ölməsin deyə ərzaq məhsulları gətirməyə məcburdurlar. Onlar geri qayıdarkən Türkiyə gömrüyündə heç maşına baxmırlar ki, içərisində nə var. Bizim tərəfə keçəndə naxçıvanlıların başına oyun açırlar. Gətirdikləri məhsulların hərəsini bir yana atırlar, nəticə etibarilə vətəndaşlar Naxçıvana başını yola-yola keçir".

Şikayətçi deyir ki, Culfa Gömrük Məntəqəsi əməkdaşının dediyi vaxtda, yəni səhər saat 9-da yenidən sərhədi keçmək istəyib: "Deylən vaxtda yenidən gömrük məntəqəsinə gəldim. Lakin bu dəfə də bildirdilər ki, sənəd düzəlməlidir, bu cür keçə bilməyəcəksiniz, Gömrük Komitəsinə müraciət edin. Bu zaman dedim ki, onda mənə rəsmi kağız verin, hansı səbəbdən sərhədi keçə bilmədiyimi bilim. Bildirdilər ki, biz heç bir kağız verə bilmərik. Sonra isə bildirdilər ki, əslində, sizin maşınınız Bakıya getmək üçün yük avtomobilinə yüklənməlidir, yalnız o vəziyyətdə apara bilərsiniz".

Q.Məmmədovun sözlərinə görə, ikinci gün də sərhədi keçə bilmədiyi üçün Naxçıvan Gömrük Komitəsinə gedib: "Rəis Vüqar Əliyevlə görüşmək istədiyimi bildirdim. Lakin onunla görüşmək mümkün olmadı. Dedilər ki, sən "minik" sözünü sildirmək üçün Bakıya gedib, Dövlət Gömrük Komitəsinə müraciət etməlisən. Əlavə etdilər ki, "minik" sözünü sildirdikdən sonra, eyni vaxtda beynəlxalq yükdaşıma sertifikatı da almalısan...".

Bütün bunlardan sonra Naxçıvana getdiyinə peşman olan Qorxmaz Məmmədov maşınını TIR-a yükləyib, özü isə təyyarə ilə Bakıya qayıdır. "Bilsəydim ki, başıma bu oyunu açacaqlar, heç Naxçıvana getməzdim", - deyən şikayətçi vurğulayır ki, qarşılaşdığı haqsızlıqlarla bağlı tezliklə Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşməyə cəhd edəcək.

Ümumiyyətlə, son vaxtlar gömrükdə vətəndaşların çoxsaylı qanunsuzluqlarla üzləşdiyini deyən Q.Məmmədov bütün bunlarla bağlı qəzetimizə geniş açıqlama verib. Növbəti yazımızda bu haqda məlumatları oxucularımıza təqdim edəcəyik. Bizi izləyin.

"Hürriyyət"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...