Şəhidimiz torpağa tapşırıldı - Tərtərdə
Başın sağ olsun, Vətən! Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Qəhrəman Tərtərin daha bir qəhrəman oğlu- N saylı hərbi hissənin kiçik çavuşu Abbaszadə Elşad Raquf oğlu şəhid oldu.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş Elşad Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edildi. Şəhid doğulduğu Tərtər rayonunun Kəngərli kəndində torpağa tapşırıldı. Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Tərtər Rayon İcra Hakimiyyətinin, N saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları da iştirak etdilər.
Şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Elşad Abbaszadənin xatirəsinin tərtərlilərin qəlbində həmişə yaşayacağını bildirdilər.
Qəhrəman Tərtər oğlu torpağa tapşırıldıqdan sonra Azərbaycan Respublikasının himni səsləndirildi. Başın sağ olsun Vətən! Daha bir oğlun şəhidlik zirvəsinə ucaldı.
1030 dəfə oxundu