Nizami İH və “Kursus-Nizami” MTK” sakinləri evsiz qoydu – Hüquqşünas

Nizami İH və “Kursus-Nizami” MTK” sakinləri evsiz qoydu –
Nizami rayon İcra Hakimiyyəti problemli şirkətlərdən olan “Kursus-Nizami” MTK ilə birgə sakinləri evlərindən didərgin salıb. Cəmi 100 manat kapitalı olan bu MTK-ya şəhər icra hakimiyyəti icazə verib ki, get sakinlərlə razılığa gəl, binanı sök, yerində yenisini tik.

Tribunainfo.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov yazıb. O qeyd edib ki, sakinlər belə MTK-ların şirnikləndirici təkliflərinə məhkəməsiz razılıq verməsinlər:

“Məhkəmə sistemimizin acınacaqlı vəziyyətinin göstəricisi tikinti şirkətləri ilə mübahisələrə münasibətdir. Xüsusilə də mövcud yaşayış binalarını qanunsuz dağıdıb yerində yeni bina tikən şirkətlər üzrə. Belə şirkətlərdən biri “Kursus-Nizami” MTK -dır. Barəsində dəfərlərlə yazılsa da, bəzi hakimlər hətta qanunu və vicdanı rəhbər tutaraq onun əleyhinə qərarlar çıxartsa da, son nəticədə məhkəmə sistemi onun tərəfini tutur. Bu MTK, o cümlədən Nizami rayonundakı K.Balakişiyev küçəsi, ev 43-ə iddialıdır. Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki, get sakinlərlə razılığa gəl, binanı sök, yerində yenisini tik, sakinlərə orada mənzil ver. Guya bina qəzalıdır. Halbuki bu halda qərarı şəhər icra hakimiyyəti deyil, məhkəmə verməli idi, FHN-nin müraciəti əsasında. Hər bir halda MTK sakinlərin xeyli hissəsi ilə heç razılığa da gəlməyib. Axı normal insan necə binasının sökülməsinə razı olar? Yeni binanın tikilməsinə kim təminat verir? 100 manat pulu olan MTK? Bu azmış kimi, tikiləcək binanın heç layihəsi də təsdiq olunmayıb. Buna baxmayaraq, bəzi qanunsuz məhkəmə aktları əsasında sakinləri mənzillərindən zorla çıxarıb, mənzillərini viran qoyublar. İşğalçı kimi! Yəni insanları məcbur edirlər ki, bu MTK-nın müştərisi olun. Heç yekun məhkəmə qərarlarını gözləmədən. Məhkəmə işləri isə davam edir. Onlardan biri üzrə iclas sentyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində olacaq. MTK mövqeyini gücləndirmək üçün heç bir arqument gətirmir, gətirə də bilməz. Sadəcə Ali Məhkəmə də daxil olmaqla digər sakinlərə qarşı çıxarılmış məhkəmə qərarlarını təqdim edir. Yəni baxın da, artıq bir neçə işi udmuşuq!”.

Hüquqşünas bildirib ki, Azərbaycanda heç kəsin əmlakına təminat yoxdur:

“Əslində, məhkəmələr də çətin durumdadır. Təbii, MTK-nın haqsız olduğunu hamı başa düşür. Lakin bina da axı faktiki artıq yoxdur. Viran qoyulub! Heç kəs məhkəmə qərarını gözləməyib, indi də məhkəmələri fakt qarşısında qoyurlar ki, bina qəzalı idi də (əslində, elə deyil: binanı bu hala özləri salıblar). Məhkəmə də o zaman həqiqi məhkəmə olacaq ki, heç kəsə (şəhər icra hakimiyyəti, icra məmurları və s.) baxmadan faktiki törədilmiş özbaşınalığa göz yummasın, özbaşınalığa qiymət versin, mülkiyyət hüququnu qorusun! Elə etsin ki, bir daha heç kəs məhkəmə qərarı olmadan kiminsə evini söküb hakimləri fakt qarşısında qoymasın. Əks halda, bizdə heç vaxt hüquqi dövlət olmayacaq. İqtisadi inkişaf da olmayacaq. Çünki adi insanın belə mənzili əlindən bu yolla alınırsa, sahibkar hansı ağılla bu ölkəyə pul qoyub iş görsün”.

Ə.Həsənov analoji vəziyyətdə hamıya tövsiyə edir ki, tikinti şirkəti ilə razılığa gəlib binanın sökülməsinə yol verməsinlər:

“Qoy bu qərarı hər bir halda məhkəmə versin. Ona görə ki, artıq xeyli hal var ki, tikinti şirkətləri heç binanı tikib yekunlaşdırmır (və ya xeyli gecikdirir, söz verdiyi mənzili vermir, tikinti gedə-gedə kirayə haqqı vermir və s.) və insanlar evsiz qalır. Bu halda heç olmasa gələcəkdə vurulmuş zərərin əvəzini dövlətdən tələb etmək olacaq. Çünki məhz dövlətin məhkəmə sistemi bu özbaşınalığa imza atır. Tikinti şirkəti ilə razılaşsaz, sabah dövlət sizə heç nə verməyəcək: deyəcək ki, özün razılaşmısan da”.

Qeyd edək ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Cəbrayılov Coşqun Adil oğludur. O, 2022-ci ildən Nizami rayonuna başçılıq edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...