65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Sabunçu rayonunda yerləşən 11 nömrəli xüsusi internat məktəbinin direktoru Gülnarə Abdullayevanın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Gülnarə Abdullayevanın rəhbəri olduğu məktəbin ümumilikdə dövlətə 36158,19 manat borcunun yaranması olub.
1960-cı il təvəllüdlü Abdullayeva Gülnarə Heybət qızının direktoru olduğu 11 nömrəli xüsusi internat məktəbinin Dövlət Sosial Müdafiə Fonduna 17477,31 manat, İşsizlikdən Sığorta Fonduna 2905,8 manat, İcbari Tibbi Sığorta Fonduna 15755,08 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə Gülnarə Abdullayeva ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Xatıradaq ki, Gülnarə Abdullayeva barəsində 2021-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.
Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, Gülnarə Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan dörd ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.
39 dəfə oxundu