Prezidenti təhqir edən həbs olunacaq: Tacikstan “ Milli lider haqqında» yeni qanun qəbul etdi

Prezidenti təhqir edən həbs olunacaq:


Tacikistan prezidenti Emomali Rahmon hökumətin dövlət başçısını təhqir etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qərarını imzalayıb. Gundeminfo.az Azadlıq radiosuna istinadən bildirir ki, bu qanunu pozanları beş ilə qədər həbs, yaxud cərimə gözləyir. Oktyabrın 26-da Tacikistan parlamentinin aşağı palatasının deputatları «Milli lider haqqında» yeni qanuna yekdilliklə səs veriblər. Eyni zamanda, onlar Emomali Rahmona müstəqil Tacikistanın banisi, milli lider, «Sülh və Birliyin banisi» statuslarını veriblər.

«Sülh və milli birliyin banisi – milli lider haqqında» yeni konstitusiya qanununa əsasən, milli liderə xüsusi yer və xüsusi avadanlıq ayrılacaq, onun xüsusi fondu yaradılacaq, Milli Lider Ordeni və Milli Lider Mükafatı təsis ediləcək.

PREZİDENT VƏZİFƏSİNDƏN GEDƏNDƏN SONRA…

Bundan başqa, Milli lider ölkə prezidenti vəzifəsindən gedəndən sonra da respublika xalqına müraciət, vacib dövlət tədbirlərində iştirak və onlarda çıxış etmək haqqını qoruyub saxlayır.

Ölkəni idarə etdiyi zaman atdığı bütün addımlara görə Milli liderə toxunulmazlıq təminatı verilir. Milli lideri saxlamaq, həbs etmək, üzərində axtarış aparmaq qadağandır. Milli liderin özünə və yaxınlarına məxsus daşınan və daşınmaz əmlak toxunulmazdır.

64 yaşlı Emomali Rahmon 25 ildir ki, Tacikistanı idarə edir. 1992-ci il noyabrın 19-da Respublika Ali Sovetinin Xocənddə keçirilmiş XVI sessiyasında Ali Sovetin sədri seçilmiş Rahmon (o zaman Rahmonov idi) iki il sonra prezident olub.

Bu ilin mayında ölkə əhalisinin əksəriyyəti Rahmonun referenduma çıxardığı Konstitusiya dəyişikliklərinin lehinə səs verib. Yeni düzəlişlərə görə, prezident Emomali Rahmon vəzifəsində ömür boyu qala bilər. Onun böyük oğlu isə artıq 2020-ci ildə keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...