"Mövcud `status-kvo` qəbuledilməzdir" - Məmmədyarov
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Avstraliya xarici işlər naziri Culiya Bişopla görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında siyasi dialoqun, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud “status-kvo”nun ATƏT Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.
Görüşdə tərəflər BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
721 dəfə oxundu