Müsavatın mitinqi təxirə salınır?
Müsavat Partiyasının sentyabrın 18-ə planlaşdırdığı mitinq təxirə salına bilər. Bu barədə AzVision.az-a partiya üzvləri məlumat verib. Bildirilib ki, Milli Şuranın sentyabrın 17-ə mitnq təyin etməsi, hava şəraitinin yağmurlu olması və ən əsas da sosial dəstəyin olmaması Müsavat rəhbərliyini bu haqda düşünməyə vadar edir. Mitinq məsələsində partiyada fikirayrılığı yaranıb.
Məclis üzvlərinin çoxu mitinqi təxirə salmağı təklif edir. Onlar hesab edirlər ki, Milli Şuranın mitinqindən bir gün sonra Müsavata dəstək üçün gələnlərin sayı xeyli az olacaq. Hava şəraitinin pis olması da mitinqçilərin sayına təsirsiz ötüşməyəcək. Bu baxımdan əksər müsavatçılar rəhbərliyə mitinqi təxirə salmağı məsləhət görüb.
Onlar iddia edirlər ki, hava şəraiti, mitinqin vaxtının dəyişdirilməsi, əsas təbliğat vasitəsi olan “Basta” səhifəsinin cəbhəçilər tərəfindən ələ keçirilməsi işlərini əməlli başlı çətinə salıb. Müsavat başqanının müavini Elman Fəttah və Yadigar Sadıqov da sosial şəbəkədə status yazaraq, etiraf ediblər ki, mitinqin vaxtının dəyişdirilməsi tədbirin baş tutmasına mənfi təsir göstərəcək. Bu gün partiyada iclas keçiriləcəyi, mitinq barədə yekun qərarın veriləcəyi gözlənilir.
760 dəfə oxundu