Qarabağın həllini tezləşdirən 2 mühüm amil
Rusiya-Türkiyə yaxınlaşması və Türkiyənin Azərbaycanın yanında olması bizim xeyrimizədir. Bu iki amillə yanaşı, Azərbaycanın prinsipial mövqeyini də nəzərə alsaq, Dağlıq Qarabağ məsələsinin həllində müəyyən addımlar atılacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin hazırkı inkişaf tempi Azərbaycanın maraqlarına cavab verir:
“Çünki bu ölkələr arasındakı gərginlik bir sıra məsələlərin həllinə mənfi təsir göstərirdi. Rusiya son zamanlar fəallaşıb, artıq Minsk Qrupu həmsədrləri də görüşüblər. Türkiyə faktiki olaraq hazırda regionda aparıcı bir oyunçudur. Azərbaycan-Türkiyə-Rusiya formatı Dağlıq Qarabağ məsələsinin həll yollarının axtarışını daha da asanlaşdıra bilər. Fikir verin, Ermənistanda siyasi vəziyyət qarışıb, iğtişaş və nümayişlər dərinləşir, ölkədə çox ciddi hökumət dəyişikliyi gedir. Bu, Ermənistanın Qarabağ münaqişəsindəki mövqeyini zəiflədəcək. Ancaq bu hələ məsələnin həlli anlamına gəlmir. Hər halda Rusiya-Türkiyə yaxınlaşması və Türkiyənin Azərbaycanın yanında olması bizim xeyrimizədir. Bu iki amillə yanaşı, Azərbaycanın prinsipial mövqeyini də nəzərə alsaq, Dağlıq Qarabağ məsələsinin həllində müəyyən addımlar atılacağını düşünməyə əsas yaranır”.
748 dəfə oxundu