"Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsini çətinləşdirir" - Səfir
Yunanıstan hökumətinin DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tender proseduruna dəyişiklik etməsi Azərbaycan tərəfinin narazılığına səbəb olub. "APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.
Səfir qeyd edib ki, Yunanıstan hökumətinin artıq mənfəət əldə etmək niyyəti ikitərəfli işgüzar münasibətlərə təsir edə bilər.
Diplomat bildirib ki, energetika naziri Panos Skurletis tərəfindən təklif edilən dəyişikliklər SOCAR rəsmiləri ilə razılaşdırılmayıb: "Bu isə öncədən danışılmış şərtlərə ziddir və özəlləşdirmə prosesini çətinləşdirir. SOCAR bir çox ölkədə fəaliyyət göstərir, lakin bu cür halla ilk dəfə qarşılaşır. Nazir bildirir ki, dəyişikliklər istehlakçıların müdafiəsinə hesablanıb, lakin bu mifdir. Bunu hətta mənim söhbətləşdiyim biznesmenlər də təsdiqləyir. Bu cür məsələlərə inzibati müdaxilə xarici investisiya axınının qarşısını ala bilər. Əgər kimsə hansısa mexanizmi dəyişmək istəyirsə, biz etiraz etmirik. Lakin bu sivil qaydalar çərçivəsində baş verməlidir. Bu addım isə SOCAR-la, yəni potensial investorla razılaşdırılmadan atılır".
704 dəfə oxundu