“Biz heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq” - Azərbaycan Prezidenti
“Əlbəttə ki, kənd təsərrüfatı ilə bağlı böyük işlər görülür, burada zavodlar fəaliyyət göstərir. Bu da çox önəmlidir. Son vaxtlar pambıqçılığa böyük dəstək verilir və bu, əhali tərəfindən yaxşı qarşılanır. 1970-1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin fəal işi nəticəsində Azərbaycanda pambıqçılıq çox geniş vüsət almışdı. İnsanlar çox böyük maddi imkanlar əldə etmişlər. Əfsuslar olsun ki, sonralar bu sahə yavaş-yavaş tənəzzülə uğradı. İndi biz bunu bərpa edirik. Mənə verilən məlumata görə, bu il Biləsuvar rayonunda altı min hektarda pambıq əkilib. Keçən il iki min hektar idi. Sovet vaxtında 14 min hektar əkilirdi. Gələn il isə on min hektar əkiləcək. Biz bunu qısa müddət ərzində görülən tədbirlər nəticəsində əldə edirik və bu, məşğulluq deməkdir. Əgər hər hektarda orta hesabla iki nəfər işləsə, bu, artıq gələn il 20 min insanın işlə təmin olunması deməkdir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərdən sonra keçirilən açılış mərasimində deyib.
Dövlət başçısı vurğulayıb ki, kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir: “Emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var. Bu işlər daha da sürətlə getməlidir. İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır. Sahibkarlar da buna çox müsbət reaksiya verirlər. İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır.
Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq. Biz bu maliyyə imkanlarımızı da sosial layihələrə yönəldəcəyik - xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemlərinin həlli. Biləsuvar rayonunda minlərlə məcburi köçkün yerləşir. Onların problemləri də həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə ölkə də güclənəcək və biz həmişə ancaq daxili resurslara arxalanmalıyıq.
Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq. Ona görə də daxili resursları artırmalıyıq. Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir”.
805 dəfə oxundu