Ərdoğan: “Ey dünya, sənin yanaşman bu millətə qarşı tərbiyəsizlik deyilmi?!”
"Ən müasir silahların qarşısına əli yalın çıxıb, dövlətini müdafiə edən başqa bir millət varmı?! Bilmirəm".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki bunu, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan "Ədliyyə ili" qurultayının açılışında bildirib.
"Türkiyədə öz dövlətini qoruyan bir nəsil yetişdi. Onlar qəhrəmanlığı həm tarix kitablarında oxudu, həm də onu meydanlarda yaşadı. Bizim bir bayrağımız var. Bütün əməliyyatlar eyni səylə davam etdiriləcək. Kimsə bu vətən üzərində əməliyyat etməyə cəhd göstərməsin. Onlar qarşılarında ordumuzu, kənd qoruyucularını, adi vətəndaşlarımızı görəcək. Dövlət içində dövlət olmaz. Bəziləri buna çalışdı. 40 il bu işi görməyə səy göstərdi. Qoy, hər kəs bilsin, bu ölkənin 79 milyonluq əsgəri var.
241 şəhidimizin arasında ölkəmizin bütün təbəqələrindən olanlar var.
Millətimiz öz vəzifəsini layiqincə yerinə yetirdi. İndi növbə bizdədir. Bundan sonra daha çox çalışmalıyıq. Ölkəmizin maraqları xaricində fəaliyyət göstərməyə heç birimizin haqqı yoxdur. İyulun 15-dən əvvəlki dövr başqadır. Ondan sonrakı başqa.
Biz dövlət çevirilişi edənləri (FETÖ - Fətullahçı terror təşkilatı) "vurun" deyə təlimatı vermədik. Biz onları "tutun və ədalətə təslim edin" dedik. Bunu da etdilər. Ey dünya, sən bizə hansı gözlərlə baxırsan. Sənin yanaşman bu millətə qarşı edilən tərbiyəsizlik deyilmi?!
FETÖ-çülərə qarşı əməliyyat zamanı tutulanların layiqli cəzalarını almasında prokuror və hakimlərin zəiflik nümayiş etdirməyəcəyinə inanıram", - deyə, Rəcəb Tayyib Ərdoğan vurğulayıb. Qeyd edək ki, ölkə tarixində prezident ilk dəfədir "Ədliyyə ili" qurultayında iştirak edir.
980 dəfə oxundu