YAP və Müsavat referendumla bağlı imza yığır

YAP və Müsavat referendumla bağlı imza yığır


Hakim partiya prosesi yekunlaşdırır, Müsavat da tələb olunan imzaları toplayacağına ümid edir

26 sentyabrda keçiriləcək referendumla bağlı yaradılan təşəbbüs qrupları təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək üçün imzatoplama kampaniyasını davam etdirirlər. Hakim Yeni Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan” təşəbbüs qrupu respublikanın əksər rayonlarında imzatoplama kampaniyasını yekunlaşdırıb. Bir sıra rayonlarda isə proses davam edir. Bu barədə YAP-dan məlumat verilib.

Müxalifət düşərgəsindən isə təşəbbüs qrupu yaradan yeganə partiya Müsavatdır. Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupunun imzatoplama kampaniyasının necə getdiyi barədə məlumat öyrənmək üçün təşəbbüs qrupunun aktiv üzvlərindən olan Müsavat Divanının üzvü, keçmiş deputat İkram İsrafillə danışdıq. İkram İsrafil “Yeni Müsavat”a bildirdi ki, Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupu artıq bütün rayonlarda imzatoplama kampaniyasına başlayıb: “7 avqustda imza vərəqələri Mərkəzi Seçki Komissiyasından götürülüb və həmin gün də respublikanın bütün rayon təşkilatlarına çatdırıldı. Artıq iki gündür imzalar toplanılır. Müsavat Partiyası Divanının son toplantısında ”Respublika" təşəbbüs qrupunun qeydiyyatdan keçirilməsi üçün görülən işlər barədə məlumatı dinlənilib.

Məlumat verilib ki, təşəbbüs qrupunun ilkin qeydiyyatı MSK-da rəsmiləşdirilib, imza vərəqələri alınıb, 70-dən artıq yerli təşkilatlara müəyyən edilən sayda imza vərəqələri paylanılıb. İmzatoplama kampaniyasına start verilib. Divan üzvləri kurasiyalarında olan rayon təşkilatlarının imzatoplama işi haqqında hesabat veriblər. Bütövlükdə referenduma hazırlıqla bağlı indiyə qədər görülən işlər dəyərləndirilib. Divan bundan sonra görüləcək işlərin qrafikini müəyyən edib və Divan üzvləri arasında kurasiyalar üzrə iş bölgüsü aparıb".

İkram İsrafil qeyd etdi ki, hələlik imza toplayanlara qarşı maneələrin olduğu barədə onda məlumat yoxdur: “Ancaq məlumatlar var ki, ayrı-ayrı rayon rəhbərləri referenduma qarşı olan ”Respublika" təşəbbüs qrupunun imza toplayanlarını hətta həbs etməklə bağlı tapşırıqlar veriblər. Hələlik görünür, tapşırıq icraya yönəldilməyib. Ancaq inanıram ki, Müsavat Partiyası isti hava şəraitinin və məmurların yaratdığı çətinliklərə baxmayaraq, başladığı işi sona çatdıracaq".

“Digər müxalifət partiyaları isə referendum məsələsində təşviqat qrupu yaratmadılar. Passiv görünürlər. Bunu necə dəyərləndirirsiniz” sualını İ.İsrafil belə cavablandırdı: “Hər bir partiya qəbul edəcəyi qərarları resurslarını nəzərə alaraq qəbul edir. Müsavat olaraq, bir çox partiya, təşkilat və hərəkatlarla birlikdə təşəbbüs qrupu yaratmağı təklif etdik. NİDA və D 18 hərəkatından başqa müsbət cavab aldığımız təşkilat olmadı. Niyə təşəbbüs qrupları yaratmadıqları barədə suala həmin partiyalar cavab versələr, daha yaxşı olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...