Putin Azərbaycandan danışdı: “Hazırlaşırıq...”
Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərtac-a müsahibəsində deyib. Putin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdiyini bildirib: “İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.
Bir faktı da qeyd edim ki, regionlarımız arasında kooperasiya çox yüksək səviyyəyə qalxıb. Bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətlərinin Azərbaycanla xarici ticarət münasibətləri var.
Biz Cənubi Qafqazda MDB və aparıcı beynəlxalq strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk. Xəzərdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük - ilk növbədə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu Xəzər beşliyi və İranın iştirakı ilə formalaşmaqda olan üçtərəfli partnyorluq çərçivəsində. Humanitar əlaqələr dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Məsələn, qeyd edə bilərəm ki, təhsil sahəsində əlaqələrin dinamikası durmadan artır. Hazırda 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir”.
Putinin sözlərinə görə, Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrün aktual problemlərinin müzakirəsi üçün öz əhəmiyyətini və ona tələbat olduğunu nümayiş etdirir:
“Nisbətən qısa müddətdə - 2011-ci ildən bəri bu Forum regional və beynəlxalq ictimai həyatın mühüm hadisəsinə çevrilib. İndi azərbaycanlı həmkarlarımızla birlikdə bu ilin sentyabr ayına planlaşdırılmış beşinci görüşə fəal hazırlaşırıq.
Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir”.
812 dəfə oxundu