Türkiyə Ermənistanla sərhədi aça bilərmi? - YAP-dan reaksiya

Türkiyə Ermənistanla sərhədi aça bilərmi? -


“Hürriyet” qəzetinin tanınmış yazarı Fatih Çekirgen Türkiyənin Ermənistanla sərhədlərini aça biləcəyini dair məqalə yazıb.
Jurnalistin iddiasına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bəlkə də bu məsələni müzakirə etmək olub: “Bir sözlə, Türkiyə XİN başçısı Ermənistanla yenidən müzakirələrin başlanması, iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşması, bəlkə də sərhədlərin açılması ilə bağlı Azərbaycan tərəfinin nəbzini yoxlamaq istəyib. İyulun 15-də ölkədə dövlət çevrilişinə cəhd Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyini arxa plana atıb”.


Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında deyib ki, Fatih Çekirgenin məqaləsi sifariş əsasında yazılıb. Hazırki situasiyada sərhəd məsələsi gündəmdə deyil.

“Hansısa dairələr Türkiyəni Azərbaycanın marağı nəzərə alınmadan Ermənistanla sərhəddin açılmasına vadar etmək istəyir. 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə üçün vacib məqamda bu ideyanı onların beyninə salmağa çalışırlar. Müəyyən dairələr var ki, onlar üçün Ermənistan bazarından əldə edəcəkləri bir neçə milyon dollar qazanc milli maraqlardan üstündür”.

A.Mirzəzadə vurğulayıb ki, sərhədlərin açılması hazırda mümkün olan məsələ deyil: “Azərbaycan və Türkiyə strateji müttəfiq, qardaş ölkələrdir. Onların milli maraqları tamamilə üst-üstə düşür. Kimlərinsə şəxsi marağını dövlətin marağına çevirməsi mümkün deyil. Birinci məqam iki dövlətin qardaş olması ilə bağlıdır. Unutmaq lazım deyil ki, Ermənistan işğal edilmiş torpaqlarımızdan kənar, Türkiyənin müəyyən ərazilərinə torpaq iddiaları irəli sürür. Bu, rəsmi şəkildə Ermənistan rəsmilərinin dilində səslənir. Ermənistan prezidenti bir müddət əvvəl bildirmişdi ki, “bizim nəsil Qarabağı aldı, növbəti nəsillər isə Araratdan o tərəfdəki torpaqları almalıdırlar”. Yəni, ermənilər Türkiyənin əhəmiyyətli bir hissəsini ondan qoparmağa çalışırlar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycan səfərinə gəlincə, bu, ilk növbədə iki dövlət arasında daim maraq doğuran məsələlərin müzakirəsinə yönəlmişdi”.

Millət vəkili qeyd edib ki, Türkiyə cəmiyyətini yekcins, eyni maraqlara xidmət edən qruplar kimi götürmək olmaz: “Əgər orada “ne mutlu ermeyim diyene” sloqanını ortaya atan insanlar varsa, türk dünyasının maraqlarını nəzərə almadan Ermənistanın təbliğat kampaniyasına dəstək verən insanlar tapılırsa, şübhəsiz belə məqalə çap etmə marağında da olanlar var. “Hürriyet” qəzetinin özü belə bir materialın çap edilməsinin məsuliyyətini düşünməli idi. Hər halda Türkiyə demokratik ölkədir. Hətta qeyri-sivil, milli maraqlardan kənar olan informasiyanın bəzən dərc olunması adi hal sayılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...