Prezident İlham Əliyev: ''Poroşenkonun Azərbaycana səfəri çox ciddi siyasi addımdır''

Prezident İlham Əliyev: ''Poroşenkonun Azərbaycana səfəri çox ciddi siyasi addımdır''

"Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və gələcək birgə fəaliyyət üçün addımlar müəyyən edilib. Bir çox önəmli məsələlər müzakirə edildi - energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyətimiz. Demək olar ki, müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilib. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilməz".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşündən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı siyasi əlaqələrin inkişafının geniş müzakirə edildiyini bildirib: “Biz bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və bundan sonra da bu təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımızı dərinləşdirəcəyik”.

Prezident İlham Əliyev iqtisadi sahədə də çox böyük potensialın olduğunu qeyd edib: “Burada həm qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var, - biz danışdıq ki, Azərbaycan idxal edilən malların ölkəmizə gətirilməsi işində Ukrayna şirkətlərinə diqqət yetirəcək, - eyni zamanda, Azərbaycanın artıq çox geniş ixrac imkanları var və Ukrayna bazarı – böyük bazar bizim üçün çox maraqlıdır. Konkret tapşırıqlar verilib.

Birgə investisiya layihələrinin icrası nəzərdə tutulur və müvafiq göstərişlər verildi ki, hər iki ölkənin investisiya imkanları araşdırılsın. Çünki buna çox böyük maraq var”.

“Energetika sahəsində qeyd edildi ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR artıq Ukraynada fəal iştirak edir, böyük həcmdə - 200 milyon dollardan çox sərmayə qoyub, 60 yanacaqdoldurma məntəqəsi var. SOCAR-ın Ukraynada fəaliyyəti çox uğurludur və ölkələrimizi daha da birləşdirir.

Eyni zamanda, vaxtilə çox ciddi şəkildə müzakirə olunan Odessa-Brodı layihəsinin canlanması işində müvafiq göstərişlər verilib. Azərbaycan dünya bazarlarına, o cümlədən Avropaya böyük həcmdə öz neftini ixrac edir. Eyni zamanda, Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynayır. Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac olunur və hesab edirəm ki, Odessa-Brodı layihəsinin canlanması üçün imkanlar var”, - deyə prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, bütövlükdə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı hesab edirəm ki, çox böyük potensialı özündə ehtiva edir: “Burada şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir. Artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib. Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha da böyük həcmdə yüklər hər iki istiqamətə getsin”.

Prezident yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyini bildirib: “Bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan tərəfdaş ölkələrlə Şimal-Cənub dəhlizinin yaradılması üçün səylər göstərir. Gələcəkdə Ukrayna tərəfi bu yoldan da istifadə edə bilər. Bir sözlə, nəqliyyat sahəsində çox geniş imkanlar var və əminəm ki, bu gün verilmiş tapşırıqların yaxşı nəticələri olacaq.

Birgə sənaye sahələrinin yaradılması istiqamətində də fikir mübadiləsi aparıldı. Bu, həm ağır sənayeyə aiddir, eyni zamanda, hərbi-texniki sənayenin inkişafı üçün imkanlar var. Bu sahədə əməkdaşlığımızın artıq gözəl təcrübəsi var və bu məsələlər də müzakirə edilib”.

Dövlət başçısı prezidentlər Şurasının iclasını bütövlükdə çox yüksək qiymətləndirdiyini və gələcəkdə Ukrayna-Azərbaycan əlaqələri bu gün Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcəyinə əmin olduğunu qeyd edib.

“Prezident Poroşenkonun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrimizin indiki mərhələsində çox önəmli, çox ciddi siyasi addımdır. Əminəm ki, bu səfərin gözəl nəticələri gələcəkdə Ukrayna və Azərbaycan dövlətlərini, xalqlarını bir-birinə daha yaxın edəcək”, - deyə prezident bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...