Poroşenko: 'Ukrayna qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımır'
"Azərbaycan Ukraynanın strateji tərəfdaşı və dostu olaraq qalır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko deyib. Ukraynalı lider ilk dəfə dövlət başçısı kimi "Odlar Yurdu"na səfər etdiyini qeyd edərək, dünən gecə Bakını gəzmək və İçərişəhərə baş çəkmək imkanının olduğunu bildirib.
P.Poroşenko bu gün Bakıda keçirilmiş Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının nəticələrini yüksək qiymətləndirib. O, strateji tərəfdaşlığın yenilənməsinin əhəmiyyətini vurğulayaraq Prezidentlər Şurasının iclasının təşkilinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycanın uğurlu iqtisadi inkişafını qeyd edən P.Poroşenko Azərbaycan-Ukrayna əlaqələrinin genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Ukraynalı lider bu baxımdan Azərbaycanın 10 ədəd "AN-178" təyyarəsi almasını xüsusi qeyd edərək bu təyyarələrin Azərbaycanda tikilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
P.Poroşenko Ukraynanın azərbaycanlı investorların ölkəsinin yanacaq-energetika bazarına çıxışına hər cür yardım göstərəcəyini bildirib.
O, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə, Azərbaycana təşəkkür edib: "Ukrayna qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımır və Azərbaycanın Krım üzrə analoji mövqeyini alqışlayır".
757 dəfə oxundu