“Vəkillərinə məlumat vermədən Bəxtiyar Hacıyevin yerini dəyişdilər”
İctimai fəal Bəxtiyar Hacıyev Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürlüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova feysbuk profilində yazıb.
“Vəkillərinə məlumat vermədən Bəxtiyar Hacıyevi Müalicə Müəssisəsinə köçürüblər”, - vəkil bildirib.
Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib.
İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Bu gün - 11 fevral onun aclıq aksiyasının 34-cü günüdür.
540 dəfə oxundu