Sahibkarlar çörəyin çəkisi və qiyməti arasında seçim edirlər - ARAŞDIRMA

Sahibkarlar çörəyin çəkisi və qiyməti arasında seçim edirlər -


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə dekabrın 21-də manatın devalvasiyaya uğramasından sonra ölkə ərazisində un və un məmulatlarının, o cümlədən çörəyin qiymətində artım müşahidə olunur. "APA-Economics"in apardığı araşdırma göstərir ki, mağazalarda "zavod çörəyi" kimi tanınan un məmulatı istehlakçılara müxtəlif qiymətlərə və ən əsası müxtəlif çəkiyə təklif olunur. Məsələn, "Can" çörək istehsalı müəssisəsində istehsal olunan çörək istehlakçılara 33 qəpiyə təklif edir, lakin çörəyin çəkisi 420 qramdır.

"Xəzər" çörək zavodunun istehsalı olan çörək paytaxtın iri mağazalarından birində alıcılara 39 qəpiyə satılır. Həmin çörəyin çəkisi isə 534 qramdır. Xatırladaq ki, Azərbaycanda qüvvədə olan dövlətlərarası standartın tələblərinə əsasən bu cür çörəyin çəkisi 500 qramdan aşağı olmamalıdır. Bazardakı tendensiya onu göstərir ki, qiyməti artırmayan çörəyin çəkisini azaldır, çəkini stabil saxlayan isə qiyməti artırır. Məlumat üçün qeyd edək ki, istehsalçı tərəfindən mağazalara çatdırılan çörəyin qiymətinin üzərinə 3-4 qəpik əlavə olunur.

"Sərham" MMC-nin (Bakıxanov çörək zavodu) direktoru Sərvər Məmmədov "APA-Economics"ə bildirib ki, unun qiymətinin artması çörəyin bahalaşmasını zəruri edir: "Hazırda unun bir kisəsinin qiyməti 25-26 manat təşkil edir, əvvəllər isə 18 manat idi. Bu çörəyin qiymətinə də təsir edəcək. Ola bilər ki, biz çörəyin qiymətinin artırılmasını deyil, çəkisini azaltmağı seçək".

İri un istehsalçıları deyir ki, devalvasiyaya qədər kisəsi 18-18,50 manata olan unun kisəsi hazırda 25-27 manata satılır.

Ölkənin ən böyük un istehsalçılarından biri olan "Karat Holding"in baş direktoru Taleh Qasımov "APA-Economics"ə bildirib ki, manatın devalvasiyası unun qiymətindəki artımı qaçılmaz edib: "Biz unu istehsal etmək üçün buğdanı tamamilə xaricdən gətiririk və dollarla alırıq. Bu səbəbdən məhsulumuzun qiyməti avtomatik olaraq qalxır. Bu, qaçılmazdır və digər idxalçı şirkətlərdə də baş verəcək. Bunun qarşısını almaq mümkün deyil. Buğda Rusiyadan, Qazaxıstandan idxal edilir. Unun istehsalı bu gün bizə 47% daha baha başa gəlir. Əgər əvvəl bu bizə 18 manata başa gəlirdisə, biz 18 manata satırdıq. Bu gün isə 25 manata başa gəlirsə, biz onu da 25 manata satırıq. Biz marja, qazanc güdmürük. Bu ilin fevral ayından heç bir qazanc əldə etmirik".

T. Qasımov əlavə edib ki, bundan sonra unun qiyməti artmayacaq. Gəncə şəhərində fəaliyyət göstərən "Neon" un istehsalı şirkətinin rəhbəri Arif Həsənov da unun qiymətinin artdığını təsdiqləyib: "Devalvasiyadan əvvəl unun bir kisəsinin qiyməti 18,50 manat idisə, hazırda 26,20 manat təşkil edir. Buna səbəb dolların bahalaşmasıdır. Gələcəkdə dollar bahalaşarsa, unun qiymətində də artım olacaq. Çünki, şirkət buğdanı xaricdən dollarla alır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...