Prokurorluğa göndərilən təqdimat Akif Çovdarova nə vəd edir?
Yalçın İmanov: “Deməli, ortada konkret faktlar var və…”
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqda Baş Prokurorluğa təqdimat göndərilib.
Bir müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və qurumun Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.
Belə bir təqdimat 2 generala nə vəd edir?
Vəkil Yalçın İmanov deyir ki, əgər 2 general haqda belə bir sənəd Baş Prokurorluğa göndərilibsə, deməli, ortada konkret faktlar var: “Toplanmış ilkin materiallar prokurorluğa göndərilirsə, burada təqdimat məfhumundan istifadə olunması uyğun yanaşma deyil. Təqdimat hər hansı bir cinayət işi üzrə şəxsə ittiham elan olunur. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqda müstəntiq vəsatətlə çıxış edir. Qanunun tələbinə görə, bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror vəsatətlə razıdırsa, bu halda təqdimat hazırlanır. Təqdimatın müşayiəti ilə vəsatət məhkəməyə göndərilir. Və məhkəmədə şəxsin barəsində uyğun qərar verilir.
Bu situasiyada belə anlaşılır ki, təqdimat adlandırılan, əslində isə iki generalın barəsində toplanmış ilkin material onların hər hansı bir qanunsuzluğa yol verib-vermədiyini aydınlaşdırmaq, yekun hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib”.
Y.İmanov generalların taleyinin təqdimat adı altında Baş Prokurorluğa göndərilən materialların nə dərəcədə obyektiv araşdırılmasından asılı olduğunu qeyd edib. /musavat.com/
1230 dəfə oxundu