“1 milyon dollar ayrıldı, 30 faizi mənimsənildi”
Bəzi qeyri-hökumət təşkilatlarının (QHT) xaricdən maliyyələşməsinə məhdudiyyətlər qoyulması bir sıra müzakirələrə yol açmışdı. Xatırladaq ki, “QHT-lər haqqında” qanuna görə, qrant alan hər bir təşkilat qəbul etdiyi ianələri məbləği və onu verən şəxslər barədə hesabat verməlidir. Bundan sonra isə belə iddialar var idi ki, xarici təşkilatlar Ermənistandakı QHT-lərə daha çox pul ayırır. Həmin vəsaitlərin isə erməni lobbi və diasporlarına getdiyi bildirilirdi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu iddialarla razılaşmadığını bildirib.
Deputat Modern.az saytına açıqlamasında deyib ki, Azərbaycandakı qanunlar yalnız şəffaflığa xidmət edir. Onun sözlərinə görə, hər hansı bir təşkilatın dövlət qarşısında hesabat verib öz maliyyə mənbəyini açıqlayırsa, burada heç bir problemdən söhbət gedə bilməz. “Digər bir məsələ isə bəzi QHT-lərin xaricdən maliyyələşməsi ilə bağlıdır.
Təəssüf ki, elə təşkilatlar var ki, onlar heç bir hesabat, qarşılarına qoyduğu məqsədlər barədə məluma vermirlər. Xatırlayırsınızsa, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov İsveçrə səfirliyində gizlənmişdi. Sonradan da aradan çıxarıldı”,-deyə o əlavə edib. Siyavuş Novruzov söyləyib ki, Emin Hüseynov 1 il ərzində RATi-yə ayrılan 1 milyon dollardan artıq vəsaiti təyinatı üzrə xərcləməyib.
“Bu vəsait ona görə ayrılmışdı ki, reportyorlar üçün təlimlər keçirilsin, onlar yetişdirilsin. Amma 1 il ərzində bu sahədə heç bir tədbir keçirilmədi. Kimə müraciət olundusa, RATİ-nin hər hansı bir tədbir təşkil etdiyi barədə məlumatı olmadığını dedi. Qeyri-şəffaf yolla əldə edilən pullar ancaq Azərbaycan daxilində ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşları itaətsizliyə çağırmağa yönəlirdi. Onlar Azərbaycan haqqında düzgün olmayan ayrı-ayrı xarici təşkilatlara ötürürdülər. Azərbaycanda buna görə qanunda dəyişiklik edildi ki, maliyyənin mənbəyi göstərilsin, məqsədi bəlli olsun və pullar təyinatı üzrə xərclənsin”. Komitə sədri vurğulayıb ki, pulların 30%-nin mənimsənildiyi, qalanlarının isə təyinatı üzrə xərclənmədiyi üzə çıxdı. “Onların bir çoxu qorxuya düşdü ki, şəffaflıq ortaya qoyulanda həmin təşkilatların özlərinin nə qədər korrupsiyaya qurşandığı ortaya çıxacaq”.
905 dəfə oxundu