Baş redaktor və məsul katib həbs edildi
Respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edib, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzuna və demokratik imicinə xələl gətirmək istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında nazirliyin əməkdaşları tərəfindən Bakı şəhər sakinləri - “Mozalan” jurnalının məsul katibi Ramil Muradov və “Dövlət və ictimai fikir” qəzeti ilə “Obyektiv xəbər.com” saytının baş redaktoru Çingiz İbadov göstərəcəkləri xidmətin müqabilində konkret vətəndaşdan Xırdalan şəhərində razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərinin surətlərini alarkən tutulublar.
Araşdırmalarla müəyyən olunub ki, onlar həmin vətəndaşın adından sosial şəbəkələrdə və bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə yanlış, qərəzli məlumatlar, eyni zamanda, sonuncunun guya ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib edilməsi, hüquqlarının pozulması barədə böhtan xarakterli materiallar yerləşdiriblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
1079 dəfə oxundu