Elçin Şıxlı: “Yazı yazmaq üçün darıxmışıq”
Jurnalist Elçin Şıxlı ilə müsahibəni təqdim edirik
Onunla söhbətə rəhbəri olduğu, hazırda fəaliyyətini dayandırmış “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsdən azad olunması ilə bağlı mövzuyla başladıq.
- Dünən hamımız sevinirdik. Rauf Mirqədirovun məhkəmə tərəfindən cəzasının yumşaldılması, şərti olaraq azadlığa buraxılması böyük hadisədir. Dəyərli insan olaraq Raufun özü üçün, anası, ailəsi və biz dostları üçün də böyük hadisədir... Raufla bağlı qərardan sonra əfv fərmanının icrası və xeyli insan azadlığa çıxması ikiqat sevindirdi bizi.
Dünən həqiqətən böyük gün idi, heç bir başqa məsələ məni düşündürmürdü. Mən Raufla gec də olsa görüşdüm. Atasının qəbrini ziyarətə getdik. Bir saata yaxın söhbətləşdik, sonra onu yormaq istəmədik. Şükür, hər şey normaldı...
- Məlumdur ki, “Ayna-Zerkalo” qəzeti jurnalist Rauf Mirqədirovun həbsindən sonra bağlandı. İndi necə, qəzetin yenidən bərpası gözlənilirmi?
- Təbii ki, qəzetin bağlanmasına Raufun həbsinin təsiri oldu. Amma əsas səbəb bu deyildi. Hazırda isə mətbuat sahəsində satış, reklamı işi yox dərəcəsindədir. Ona görə də belə bir şəraitdə qəzetin bərpası barədə düşünmək hansısa vəsaitlərin boş yerə xərclənməsi demək olardı. Qəzeti kommersiya biznes nöqteyi-nəzərindən saxlamaq mümkün deyil. Ya gərək sənin milyardların olsun ki, kosmosdakı qara dərəyə daş atar kimi vəsaitini hara gəldi atasan, ya da gərək başqa bir biznesin olsun və qəzeti könül xoşluğun üçün buraxasan. Bizim isə belə imkanımız yoxdur, əlimizdən yazmaqdan başqa iş gəlmir.
Xatırlayırsınızsa, mərhum prezident Heydər Əliyev kağız idxalına 18 faizlik əlavə dəyər vergisini ləğv etdirmişdi. Hazırkı durumda şərtlər heç də dəyişməyib. Əksinə, bir az da mürəkkəbləşib. Kağız idxalına 18 faiz əlavə dəyər vergisinin yenidən tətbiqi xərcləri bir qədər də artıb. Mətbəə xərcləri də artıb, bir sözlə, qəzeti saxlamaq çətindir.
- “Ayna-Zerkalo”nun onlayn versiyasını bərpa etmək fikriniz varmı?
- Elə bu dəqiqə sizinlə danışdığım yerdə mən ora yazı yerləşdirib yenidən saytı hərəkətə gətirə bilərəm. Server qalır, resurs kimi fəaliyyətdədir, sadəcə canlılıq yoxdur. Amma nəzərə alsaq ki, “Ayna-Zekalo” mövcud olduğu müddətdə ciddi media resursu sayılıb və onun elektron versiyası olsun deyə necə gəldi saxlamaq bu brendə yaraşmaz.
Bundan başqa, elektron versiyanı bərpa etmək üçün də kollektiv lazımdır, məvacib ödənilməlidir, bəlli bir büdcə olmalıdır. Dünyada məşhur qəzetlərin elektron versiyasını oxuyan milyonlarladır. Bizdə bu oxucu kontingenti yoxdur, buna adekvat olaraq reklam da yoxdur.
- Bu və ya digər formada Elçin Şıxlının seyrci mövqeyi media mühiti üçün arzuolunan deyil. Dönüşünüz gözlənilirmi?
- Kənardan müşahidə edirəm, tam çəkilməmişəm. Əslində Raufun həbsindən sonra çəkilmə oldu, bu hadisə məni çox məyus etmişdi. Təkcə mən yox, bir neçə nəfər var ki, kənara çəkilməyə məcbur olduq. Hazırda müəyyən fikirlərim var. Sözün düzü, Raufun azadlığa çıxmasını gözləyirdim. Dünən özü də dedi ki, mən jurnalistəm , jurnalist olaraq da qalacam. Rauf iki ildir yazı yazmağa tamarzı qalıb. O cümlədən İbrahim Nəbioğlu, Arif Əliyev. Yazı yazmaq üçün darıxmışıq...
- Sosial şəbəkədə görünməyinizə darıxmağınız səbəb oldumu?
- Darıxdım... Darıxdım sadəcə olaraq. Çəkilib kənara nə qədər kitab oxumaq, saytları izləmək olar? Maraqlıdır sosial şəbəkə. Düzdür, xeyli vaxt aparır, müəyyən məqamlar var ki, məni maraqlandırmır. Tutaq ki, məni balıq ovu maraqlandırır, başqasını turac ovu. Ortaq maraq olmayanda adamın fikri yayınır, amma ümumən insanların nə düşündüyünü bilmək maraqlıdır.
Feysbuka gəlməklə xeyli vaxtdır əlaqələrini itirdiyim – sonuncu dəfə 1979-cu ildə əlaqə saxladığım tələbə yoldaşımı tapdım. Hazırda Kanada, Almaniyada yaşayan dostlarımla virtual görüşdüm. Bu, yaxşıdır, heç olmasa toxtayırsan ki, hardasa salamatdılar, yaşayırlar. Bundan başqa, yeni dostlar qazanmaq öz yerində. Düzdür, zamanla yeni dostlar da ələnir və nəticə olaraq öz ətrafını toplayıb fikir mübadiləsi aparırsan...(teleqraf.com)
1035 dəfə oxundu