“0 manat cərimə” nədir? - açıqlama

“0 manat cərimə” nədir? -


“Elektron protokolda cərimənin 0 manat göstərilməsi qanunaziddir. Texniki məsələlər qanunun tətbiqini dayandıra bilməz”.
Bunu Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev bildirib. Son zamanlar DYP-nin bəzi elektron protokolları 0 manat cərimə ilə tərtib edilir. Həmin protokollara əsasən, sürücünün törətdiyi inzibati xətanın qısa mahiyyəti qeyd edilsə də, cərimənin məbləği elektron protokollarda əks olunmur.


Bununla bağlı vəkil bildirib ki, martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 122.3.3.-cü maddəsinə əsasən, elektron protokolda cərimənin məbləği və onun ödəniş qaydası qeyd edilməlidir: “Elektron protokolda cərimə məbləğinin göstərilməməsi sürücünün problemi deyil. Bu səbəbdən də, protokolda cərimənin göstərilməməsi ilə bağlı sürücü əlavə narahatlıq yaşamamalıdır və bu qüsurlar DYP tərəfindən aradan qaldırılmalıdır.

Elektron protokolda cərimənin göstərilmədiyi üçün ödənişdən yayınmaya görə sürücü barəsində tədbir görülə bilməz və ödənişin gecikməsi üçün cərimə hesablana bilməz. Belə ki, 0 manat cərimə nəzərdə tutan protokoldan 10 gün ərzində vəsatət verilməsə, o, qərar qüvvəsini alır və növbəti 10 gün keçdikdən sonra qüvvəyə minir. 0 manat cərimə nəzərdə tutan qərarın icrası və icra edilmədiyi müddət ərzində ona faizlərin hesablanması qeyri-mümkündür.

Məlumat üçün onu da bildirim ki, 0 manat cərimə nəzərdə tutan elektron protokolun cərimə məbləğinin müəyyən edilməsi üçün, sürücü DYP-yə müraciət etmək vəzifəsi daşımır. Cərimənin 0 manat göstərilməsini "texniki problem" və yaxud "texniki məsələ" kimi adlandırmaqdoğru deyil. Belə ki, həmin "texniki məsələlər" qanunun tətbiqini dayandıra bilməz. Sürücüyə qanunun tələblərinə uyğun şəkildə tərtib edilmiş (cəriməsi göstərilən) protokol göndərmək DYP-nin vəzifəsidir.

Qeyd etmək lazmdır ki, bu sahədə ildən-ilə təkmilləşən qanunvericilik bazasının əsas məqsədlərindən biri də, vəzifəli şəxs-vətəndaş ünsiyyətinin mümkün qədər aradan qaldırmaqdır. Yeni İnzibati Xətalar Məcəlləsi də bu istiqamətdə mühüm addımlardan biri hesab olunur. Məcəllədə elektron ödəniş, elektron müraciət və sair bu kimi halların tətbiqinə imkan yaradılıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...