Əmək müqaviləsinin ləğvi qadağan edildi

Əmək müqaviləsinin ləğvi qadağan edildi


Konstitusiya Məhkəməsi müəyyən kateqoriyalı vətəndaşların əmək hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qərarda qəbul edib.

Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası 2016-cı il fevralın 17-də Xətai Rayon Məhkəməsinin müraciətinə dair Qərardad qəbul edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç”, 72-ci və 79-cu maddələrində təsbit edilmiş normalar arasında güman edilən ziddiyyətlərə aydınlıq gətirib.


Qərardadda qeyd edilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Məlumatda bildirilir ki, Əmək Məcəlləsinin 72-ci maddəsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları nəzərdə tutur. Həmin maddənin “ç” bəndinə görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. Həmin maddənin 1-ci hissəsinə görə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərə qarşı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir.

Həmçinin Konstitusiya Məhkəməsinin Palatası Qərardadda göstərib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir və xalqın, hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiya Məhkəməsinin Palatası göstərilənlərə əsasən belə nəticəyə gəlib ki, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təfsir edilə bilməz.

Belə ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də, bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış edib.

Konstitusiya Məhkəməsinin Palatası qərara alıb ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və dövlət tərəfindən təmin edilən sosial yönümlü dəyərləri nəzərə almaqla müvafiq nəticə müəyyən edilə bilərlər. Konstitusiya Məhkəməsi Palatasının Qərardadında əks olunan hüquqi mövqe analoji işlərin həllində digər məhkəmələr üçün istiqamət müəyyən edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...