"Biz xristian deyilik ki, İlhamə xanımı dediyi kimi dəfn edək"
“İlhamə Quliyeva müsəlman qaydalarına uyğun olaraq dəfn ediləcək. Biz xristian deyilik ki, İlhamə xanımı dediyi kimi dəfn edək. Ola bilər ki, tabutda dəfn edək, ancaq mütləq müsəlman qaydalarına uyğun olaraq kəfənlənəcək. Bu vəziyyətdə deyə bilmərəm ki, onun vəsiyyətini həyata keçirəcəyik, ya yox. Nə deyibsə hər halda onu yerinə yetirməyə çalışacağıq”.
Bunu Moderator.az-a açıqlamasında bu gün vəfat edən xalq artisti İlhamə Quliyevanın qohumu müğənni Əli Mirəliyev deyib.
Ə.Mirəliyev daha sonra qeyd edib ki, xalq artistinin səhəti qəflətən pisləşib: “Mən özüm də xəstəydim, Mərdəkanda evdə yatmışdım. Zəng vurdular ki, İlhamə xanım səni və Samirəni çağırır. Mən şəhərə çatana kimi də artıq keçinmişdi”.
Qeyd edək ki, İlhamə Quliyeva bir müddət öncə ATV-nin "Onlar" verilişində öləndə torpağa qoyulmaq istəmədiyini demişdi: "Mən istəmirəm ki, öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də "krujevalarla" bəzəsinlər. Eyni zamanda, tabutun açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram".
1000 dəfə oxundu