“A.M.A.Y. Abdulla" iyunun 10-da azadlığa çıxa bilər
İyunun 10-da Ali Məhkəmədə “A.M.A.Y.” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin kasasiya şikayəti üzrə baxış təyin olunub. “Yeni Müsavat”a daxil olan məlumata görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçiriləcək məhkəmədə A.Abdullayev məhkəmə zalından azad oluna bilər.
Belə məlumatlar var ki, A.Abdullayevlə ittiham tərəfi növbəti dəfə razılığa gəliblər. Əgər razılıq pozulmasa, A.Abdullayev azad oluna bilər. Qeyd edək ki, ibtidai istintaq dövründə də tərəflər arasında belə bir razılıq əldə olunub və sonradan pozulub. Həmin razılaşmaya görə, A.Abdullayev ittiham aktında mənimsədiyi kimi göstərilən 3,5 milyon manatı büdcəyə ödəməli, bunun müqabilində barəsində seçilmiş həbs- qətimkan tədbiri dəyişdirilməli idi. Qanunvericilik də buna imkan verirdi. Külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi başlanıbsa, mənimsənilən məbləğ tam ödənildikdə belə cinayət işinə xitam verilmir, sadəcə, həmin şəxs barəsində daha yüngül cəza tədbiri seçilir və məhkəmədə ziyanın ödənilməsi “yüngülləşdirici” hal kimi nəzərə alınır.
A.Abdullayev ötən 2014-cü ilin aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə material göndərilib. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İttihama görə 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. Vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu A.M.A.Y. MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.
Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
997 dəfə oxundu