Bayraq Meydanının sabiq rəisi qohumlarını başına necə yığıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Prosesdə Rəşad Məmmədov ifadə verib. Bildirib ki, 2011-ci ildə prezident tərəfindən Bayraq Meydanı Kompleksi İdarəsinə sədr təyin edilib: “Bizim işimiz bayrağın təbliği və meydan ətrafında abadlıq işlərinin həyata keçirilməsindən ibarət idi. Mən vəzifəyə gələndə kifayət qədər maliyyəm var idi. Mənim heç nəyə ehtiyacım yox idi. İşçilərimlə bir ailə kimi olmuşam. Onlara bonus da, mükafat da vermişəm. Zabil Salmanovu İsfəndiyarın vasitəsi ilə tanımışam. Mən onun əmlakını ailəm üçün almışam. Orda haramçılığa yol verə bilməzdim. Sonradan Zabil bizi məhkəməyə verdi və kompensasiya tələb etdi. Həmin kompensasiyanı ödəməyi də İsfəndiyar boynuna götürdü”.
Fasilədən sonra R.Məmmədov sualları cavablandırıb. Bildirib ki, idarənin strukturu Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşdirilib. O, işçilərin kart vasitəsilə maaş aldıqlarını açıqlayıb. Qeyd edib ki, həyat yoldaşının xalası Xuraman Qasımova onların idarəsində baş mühasib, həyat yoldaşı isə idarənin kommunal xidmətlər şöbəsində çalışıb. İşlədiyi dövrdə həyat yoldaşı 2 dəfə analıq məzuniyyətinə çıxıb. R.Məmmədov qayını Azər Əsgərovun idarənin beynəlxalq şöbəsində çalışdığını bildirib. Deyib ki, qaynı xarici qonaqları qəbul edib və bayrağın təbliğatı ilə məşğul olub. Bundan başqa, kompleksin ərazisində aparılan işlərə nəzarət edib.
R.Məmmədov digər təqsirləndirilən şəxslərlə tanışlığının tarixçəsini də məhkəmənin diqqətinə çatdırıb: “İsfəndiyar İsfəndiyarovu və Arzu Məmmədovu 2013-cü ildə tanımışam. Qaynım Azər Əsgərov demişdi ki, bizim binanın altında üç obyekt satılır. Mən də həmin obyektləri almaq üçün İsfəndiyara 6 milyon vermişəm”.
886 dəfə oxundu