24 yaşlı oğlanı qız üstündə yandırıblar? - Dəhşətli cinayət
Xəbər verdiyimiz kimi, ötən gün Bərdədə dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Piyadalar kəndinin sakini 24 yaşlı Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. Həmin şəxslər S.Bayramovu ölümcül döydükdən sonra onu avtomobilinə qoyub, benzin tökərək yandırıblar.
Həmin kənddən olan bir nəfər qəbiristanlığa çatanda avtomobilin yandığını görüb, inilti səsini eşidib. Həmkəndlisi Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb. Hadisənin baş vermə səbəbi ilə bağlı ziddiyətli xəbərlər yayılır. Bir çoxları 24 yaşlı gəncin borca görə, yandırıldığını bildirsə də, hadisənin gerçək səbəbinin tamamilə başqa olduğu deyilir.
Piyadalar kəndinin bələdiyyə sədri Baxşeyiş Abdullayev AzVision.az -a bildirib ki, hadisəni törədən şəxslərin axtarışı davam edir. Onun sözlərinə görə, Salman Bayramov gecə saatlarında əmliyyat olunub, vəziyyəti ağır olaraq qalır: “Bakıdan gələn professor ötən gün Salmanı əməliyyat etdi. Onun başında olan sümük qırıqları çıxarılıb. Hazırda da vəziyyəti ağır olaraq qalır. Reanimasiyadadır, hələ ki, özünə gəlməyib”.
Bələdiyyə sədri hadisənin iki səbəbdən baş verə biləcəyini deyib: “Salman kənddə qaz çəkmə işinə baxırdı. Çox bacarlıqlı oğlandır. Hadisənin iki səbəbə görə törədiliyi bildirilir.
Birinci səbəb ondan ibarətdir ki, Salmanın xeyli mal-qarası olub. Həmin heyvanları satıb maşın almaq istəyirmiş. Onun mal-qaranı satdıqdan sonra üstündə 3-4 min manata yaxın pul olub. Ola bilsin ki, Salmanı pula görə bu hala salıblar. Salmanın valideynləri bu barədə heç nə danışmır.
Hadisənin baş verməsinə digər səbəb kimi Salmanın həddindən artıq internetə maraqlı olması göstərilir. Deyilənə görə, Salman internetdə çox adama mesajlar yazırmış. Bəlkə də hansısa bir qıza mesaj göndərib. Nəticədə bu hadisələr baş verib. Bildiyimiz görə, hadisəni bizim kəndin sakinləri törədib. Amma onların kimliyi bilinmir. Yəqin ki, polis həmin şəxsləri tutandan sonra hadisənin dəqiq səbəbləri ortaya çıxacaq”.
Adının çəkilməsini istəməyən kənd sakinləri bildiriblər ki, hadisə qız üsündə baş verib. Belə ki, Salman Bayramov tanış olmaq məqsədi ilə bir qıza mesaj yazıb. Bundan xəbər tutan qızın qohumları onu cəzalandırmaq qərarına gəliblər. Hadisə də məhz bu səbəbdən baş verib. Qeyd edək ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
931 dəfə oxundu