Putinin "mafiya dostları" İspaniyada həbs olundu FOTO
İspaniyada Rusiya prezidenti Vladimir Putinin "dostları" həbs olunub. ANS PRESS-in məlumatına görə, İspaniya milli məhkəmə kollegiyası mafiya başçıları olan bir neçə rus vətəndaşının həbsinə beynəlxalq order verib.
"Onların arasında Vladimir Putinə yaxın nümayəndələr var. "Tambov" və "Malışevskoy" mafioz qrupların fəaliyyətini araşdıran hakim Xose de la Mata deyir ki, ittiham irəli sürülən bu şəxslərin hər biri ağır cinayətlər üzrə günahlandırılır", - deyə ispan mətbuatı yazır.
Cinayətkarları tutmaq üçün verilən order "Troyka" əməliyyatı adlanıb. İspaniya hüquq-mühafizə orqanları "Tambov" və "Malışevskoy" qrupuna qarşı əməliyyatlara 2008-ci ildən başlanıb. Məlum olub ki, adı çəkilən qruplardan birincisinin rəhbəri Gennadi Petrov, ikincisininki isə Aleksandr Malışevdir.
Mənbə yazır ki, uzun sürən əməliyyat nəticəsində hər iki kriminal avtoritet və eyni zamanda təxminən 20 nəfər saxlanılıb. İspan mətbuatında o da qeyd olunur ki, bu iki fiqur Rusiya prezidenti Vladimir Putinə yaxın adamlardır.
İspaniya polisi Gennadi Petrovu ilk dəfə 2006-cı ildə çirkli pulların yuyulması ittihamı ilə həbs edib. Ancaq daha sonra o, girov əvəzində azadlığa buraxılıb. Növbəti həbs iki il sonra baş tutub. Əməliyyatda 300-dən çox polis, vertolyotlar iştirak edib. Polis bildirib ki, 2 illik təhqiqat zamanı Petrov və Malışevin pul yumaq üçün istifadə etdikləri 500-dən çox bank hesabı aşkar olunub. Bu hesablarda 12 milyon avroya həbs qoyulub.
İspaniya prokurorları Petrovu və Malışevi uzun illər ərzində bütün dünya kriminal aləmini lərzəyə salan qan qardaşları adlandırıblar. Hesabata əsasən Gennadi Petrov İspaniyanı tərk etmədən faktiki olaraq Rusiyanı idarə edib. 500 səhifəlik “Petrovun işi” dosyesində onun bütün səviyyələrdə nüfuzlu Rusiya siyasətçiləri və oliqarxları ilə əlaqələrindən bəhs edilir. Uzun illər boyu dinlənilən telefon danışıqlarına və digər dəlillərə əsaslanan cinayət işində göstərilir ki, Rusiya nazirləri və prokurorları, hakimləri və qubernatorları, iri konsernlərin rəhbərləri, güc strukturlarının generalları, oliqarxlar və bankirlər Petrova müraciətdə çox nəzakətli və hörmətli davranıblar, onu “lider”, “öndər” adlandırıblar.
920 dəfə oxundu