Ali Məhkəmə "nurçu" dəstənin şikayətini rədd etdi
Ali Məhkəmədə qanunsuz dini təbliğatla məşğul olmaqda təqsirləndirilərək azadlıqdan məhrum edilən dəstə üzvlərinin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, məhkəmədə şikayət araşdırılsa da, təmin edilməyib.
Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında vəkillər prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatətin təmin olunmaması ilə bağlı qərar qəbul edib. Kassasiya şikayəti məhkəmənin ilkin baxış iclasının qərarından verilib.
Hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən 41 "nurçu" saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, nurçuluğu təbliğ edən audio və video materiallar müsadirə olunub.
Yasamal rayon məhkəməsində hakim Aqşin Əfəndiyevin sədrliyi ilə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham olunub.
MƏQALƏDƏ: məhkəmə nurçular
978 dəfə oxundu