Azərbaycanda 10 min saxta dolları dövriyyəyə buraxmaq istədilər - FOTOLAR
Daxili işlər orqanları dövriyyəyə külli miqdarda saxta xarici valyutanın buraxılmasının qarşısını alıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Nahid Nağıyevin tanışı Fəzail Cəlilovla birlikdə saxta ABŞ dollarının satış ilə məşğul olmaları barədə məlumat daxil olub. Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 10 000 saxta ABŞ dollarını 3000 dollara satmaq istəyən zaman cinayət başında yaxalanıblar.
Saxlanılan şəxslər ifadələri zamanı saxta pul əskinaslarını xarici dövlətlərdən birində əldə etdikdən sonra ölkəmizə gətirdiklərini bildiriblər. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən xarici valyutanın müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əsginaslardan çətinliklə seçilir. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
947 dəfə oxundu