Azərbaycanın tanınmış vəkili və məşhur boksçu “Türk Hava Yolları”nı məhkəmədə udub

Azərbaycanın tanınmış vəkili və məşhur boksçu “Türk Hava Yolları”nı məhkəmədə udub


Tanınmış vəkil Kamandar Nəsibov və “Baku Fires” boks klubunun üzvü Məhəmməd Qurbanov “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyini məhkəməyə verib.


“Report”un məlumatına görə, hər iki şəxs dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Xətai Rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan iddiaçılar və cavabdeh qarşılıqlı apellyasiya şikayətləri veriblər. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Vəkil Kamandar Nəsibov “Report”a şirkəti məhkəməyə verməsinin səbəbini açıqlayıb: “2015-ci ildə mən “Baku Fires” boks klubunun hüquqşünası kimi, komandanın üzvü Məhəmməd Qurbanovla Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə turnirə gedirdik. “Türk Hava Yolları” aviaşirkəti ilə Bakı-İstanbul-Buenos-Ayres reysiylə uçuş edirdik. Təxminən 10 saat uçuşdan sonra təyyarədə sərnişinlərə elan olundu ki, Braziliyanın San-Paulu şəhərinin aeroportuna eniş ediləcək. Bizə 40 dəqiqədən sonra uçuşa davam edəcəyimizi, yəni biletdə göstərildiyi kimi, Buenos-Ayresə uçacağımızı bildirsələr də, bu olmadı. Belə ki, 3 saatdan sonra uçuşun təxirə salındığını dedilər. Təyyarədən düşənlərin bir hissəsi getdi, biz isə 15-ə yaxın sərnişinlə elə aeroportda qaldıq”.

Vəkilin sözlərinə görə, “Türk Hava Yolları”nın nümayəndəliyi həmin sərnişinləri heç nə ilə təmin etməyib: “Daha sonra bizim uçuş etdiyimiz təyyarə havaya qalxıb, İstanbula qayıtdı. Təyyarə aeroportdan ayrılan zaman şəklini də çəkdim. Bunların hamısını məhkəmə sənədlərinin içərisinə daxil etmişəm. Braziliyada səs-küy salandan sonra bizi başqa təyyarə ilə Argentinaya yola saldılar. Təxminən bir gün gecikdik. Əvvəlcədən ödənilmiş taksi və otel pullarımız “batdı”, yükümüz bizə verilmədi. Həmin yüklər “Türk Hava Yolları” aviaşirkəti ilə Bakıya qayıtdı. Argentina çox isti olduğu üçün orada yeni paltarlar almağa məcbur olduq. Biz boks turniri keçirilən şəhərə getmək üçün yenidən bilet aldıq. Əslində, bizi həmin yerə “Türk Hava Yolları” aviaşirkəti aparmalı idi. Bakıya qayıdandan bir ay sonra yükümüz tapıldı. Lakin çamadanlarımız bizə yararsız vəziyyətdə qaytarıldı. Hətta içərisində olan paltarlarımız da yoxa çıxmışdı”.

Vəkil bununla bağlı “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyinə müraciət etdiklərini deyib: "Müraciətdən sonra onlar vaxtı uzatmağa başladılar. Bir neçə aydan sonra məhkəməyə müraciət etdik. Xətai Rayon Məhkəməsi iddianı qismən təmin etdi. Yəni məhkəmə mənə dəymiş 23 min 621 manat pulun 11 min 677 manatının, Məhəmməd Qurbanova dəymiş 21 min 689 manat pulun 11 min 647 manatının aviaşirkət tərəfindən ödənilməsi barədə qərar çıxardı. Lakin hər iki tərəf qərardan narazı qaldı və apellyasiya şikayətləri verdik. İşə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Xətai Rayon Məhkəməsində aviaşirkətin nümayəndəliyi bildirdi ki, güya təyyarə nasaz olduğu üçün məcburi eniş edib. Hətta onun dediyinə görə, “Türk Hava Yolları”nın nümayəndəliyi Argentinada bizi hər şeylə təmin edib. Bununla bağlı məhkəməyə sənəd təqdim etdilər. Lakin sənəddə onların yalanları üzə çıxdı”.

K.Nəsibov qeyd edib ki, faktiki olaraq sərnişinlər arasında “Türk Hava Yolları” aviaşirkətinə etibar edənlərin sayı azalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...