Telefon kabellərini oğurladılar - həbs olundular

Telefon kabellərini oğurladılar -


Mart ayı ərzində müxtəlif vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından Binəqədi rayonu ərazisində ümumilikdə 920 metr rabitə kabellərinin oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Musavat.com bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Abbas Əliyev tutularaq istintaqa cəlb edilib. Müəyyən edilib ki, A.Əliyev müxtəlif vaxtlarda rayondakı ayrı-ayrı ünvanlardan telefon və internet kabellərini kəsərək yaşadığı evin həyətinə gətirib. Daha sonra həmin kabellərdəki misi çıxararaq Qorxmaz Davudov və Faiq Rəhimova məxsus metal qəbulu məntəqələrinə satıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Q.Davudov və F.Rəhimov da saxlanılıblar. İstintaq zamanı müəyyən edilib ki, Q.Davudov oğurluq mallar Sumqayıt şəhərində yerləşən “Bakı Mis İstehsalı” MMC-yə, F.Rəhimov isə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Elit Yatırım və Ticarət LTD STİ” MMC-yə təhvil veriblər. A.Əliyevin yaşadığı evə baxış keçirilərkən əlavə olaraq yüksək keyfiyyətli və müasir rabitə qurğuları üçün nəzərdə tutulan 110 metr optik kabel də aşkar edilərək götürülüb.

Rabitə kabellərinin oğurlanması barədə daxili işlər orqanlarına daha bir məlumat isə “Aztelekom” İB-nin Sumqayıt Şəhər Telekommunikasiya Qovşağından daxil olub. Müraciətdə işlək vəziyyətdə olan 32 metr uzunluğunda kabelin dirəklərdən kəsilərək aparıldığı bildirilib. Sumqayıt Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev və Hikmət Fərəcov saxlanılıblar.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, əlvan metalların məntəqələr tərəfindən alqı-satqısı zamanı heç bir sənədləşmə olmur və bütün əməliyyatlar nağd hesablaşmalar vasitəsi ilə aparılır. Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu və satışını həyata keçirən vətəndaşlara, həmçinin, özəl müəssisə və qəbul məntəqələrinin sahiblərinə, bu işlə məşğul olan bütün sahibkarlara müraciət edərək bildirir ki, öz fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...