"Beynəlxalq Bank işi"nə görə tutulanların 6 nəfəri buraxıldı

"Beynəlxalq Bank işi"nə görə tutulanların 6 nəfəri buraxıldı


Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılanlardan 6 nəfər barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Bu barədə qərar ötən il dekabrın 2-də qəbul edilsə də, məlumat indi açıqlanıb.

Həmin şəxslərdən Adil Mikayılovun vəkili Azər Tanrıverdi APA-ya bildirib ki, həmin gün 2-də Nərimanov rayon Məhkəməsində prokurorluq orqanının verdiyi vəsatətə baxılıb. Vəkilin sözlərinə görə, prokurorluq A. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Məhkəmə həmin vəsatəti təmin edib. A. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, əvəzində ondan başqa yerə getməmə haqqında iltizam alınıb. Məlumata görə, həmin vaxt həbsdə olan daha 5 nəfərin barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Onlardan 4-ü “Xəzər Menecment Sistem” şirkətinin əməkdaşı olub.

Qeyd edək ki, A. Mikayılov “Xəzər Menecment Sistem” şirkətinin rəhbəridir. O, Azərbaycan Beynəlxalq Bankından 80 milyon manat məbləğində kredit götürüb qaytarmaqda təqsirləndirilir. A. Mikayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə əsasən ittiham olunur.

Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin sabiq sədri Cahangir Hacıyevin barəsində ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

Ümumilikdə Azərbaycan Beynəlxalq Bankından kredit götürərək mənimsəməkdə təqsirləndirilən 30-dan çox şəxs saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...