MTN-in tutduğu narkotik alverçilərinin cəzası yüngülləşdirildi
Bakı Apelyasiya Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən İbadov Rahid İbad oğlu və Amanov Vüqar Balaş oğlunun barələrindəki hökmdən verilən apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb. "Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. R.İbadovun cəzası 7 ilə, V.Amanovun cəzası isə 6 ilə endirilib.
Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb.
Bu əmələ görə 9 nəfər şübhəli şəxs qismində tutulub. Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 10 kiloqramdan artıq heroin, 11 kiloqram 881 qram tiryək, 1 kiloqram 446 qram həşiş və təxminən 20 qram sintetik narkotik vasitə olan metanfetamin aşkar edilərək götürülüb. Bütün faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.
Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Şahüseyn Sərxan oğlu, Qənbərov İlkin Bəyəlioğlu, Haqverdiyev Vasif Abbasoğlu, Dadaşov İlqar Xanhüseynoğlu, Həsənov Həsən Turab oğlu, Əliyev Elşən İslam oğlu, İbadov Rahid İbad oğlu, Amanov Vüqar Balaş oğlu və Əliyev Ehtiram Dədəkişi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. 2015-ci ilin may ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm R.İbadov 8 il, Vüqar Amanov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
1025 dəfə oxundu