Azərbaycanın hansı məmurları şeir yazır?

Azərbaycanın hansı məmurları şeir yazır?


Biz özümüzü “şair xalq” adlandırır və bununla fəxr edirik. Baxmayaraq ki, professional ədəbiyyatçılar ölkədə şeirin bu qədər kütləviləşməsindən həm narazı, həm də narahatdırlar. Bu yazıda isə niyyətimiz heç də ölkədə əli qələm tuta bilən hər kəsin şairliyə iddia etməsinin nə qədər yaxşı, ya da pis olduğunu müzakirəyə çıxarmaq deyil. Biz sadəcə, daşürəkliliyindən gileyləndiyimiz məmur korpusundan kimlərin ilham pərisi qarşısında yumşaldığını araşdırmağa çalışmışıq.

Beləliklə, Qaynar.info-nun Azərbaycanın hansı məmurlarının şeir yazdığını öyrənmək məqsədi ilə apardığı araşdırma nəticəsində məlum olub ki:
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinov mütəmadi olaraq şeir yazır. Aşağıdakı sətirlər isə onun “Ulu öndər” şeirindəndir:

Nə müddətdir könlüm yaman darıxır,

Gözlərim hər yerdə axtarır səni:

- Xəyalım dolanır, göylərə qalxır,

Göylərin qatında axtarır səni!

Ey ulu öndər!

Bakı Metropoliteninin sabiq rəisi, hazırda isə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da “Tağı Sadiq” imzası ilə çoxsayda şeirin müəllifidir. Hətta onun sözlərinə musiqi də bəstələnib.

Yanaqların lalə, dodaqların bal

Alıbsan canımı gözəl həyalım.

Zərif qollarını aç, boynuma sal

Qoyma ki, bu qədər odlara yanım

Hicran daşın atıb sənə inanım, -

bu misralar məhz Tağı müəllimin qələmindən çıxıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, millət vəkili Cavid Qurbanov da şeir yazır. Onun hətta 2010-cu ildə şeirlərdən ibarət kitabı da nəşr olunub: “Dünya qəmli nağıl imiş...”

Aşağıdakı misralar isə Cavid müəllimin kitabına adını verdiyi şeirindən bir parçadır:

“Biri varmış, biri yoxmuş”, -

Dünya qəmli nağıl imiş.

Özü yanlış, sözü yanlış -

Dünya qəmli nağıl imiş...

Əldə etdiyimiz məlumata görə, namaz qılıb, oruc tutan məmurlarımızdan biri olan Ziya Məmmədov da bir neçə dəfə qələmini sınayıb, amma onun şeirlərindən yalnız ən yaxın ətrafında xəbərdardırlar.

Bundan başqa, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da şeirə böyük maraq və həvəsi varmış. Hətta onun ötən ilin iyulunda Qubada vətəndaşları qəbul edərkən görüşə şeir deməklə start verdiyi də məlumdur.

Müslümov şikayətçilərdən birinə aşağıdakı misraları söyləyib:

Adamsan da, incidərlər adamı,

O dünyadan haraylama atanı...

Alan yoxsa, dur özün al qadanı,

Canım-gözüm, ömür elə budur bu,

Yarışmağa meydan budur, cıdır bu!

(Qeyd edək ki, nazirin söylədiyi şeir onun nazirliyində aparat rəhbəri vəzifəsini tutan Əjdər Cəbiyevə (Əjdər Ol) məxsusdur.)

Amma Müslümovun özünün də şeir yazıb-yazmadığını dəqiq söyləmək çətindir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...