“ATƏT Azərbaycandan qisas almaq üçün…”
Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazıb.
Axar.az Secki-2015.az saytına istinadən xəbər verir ki, məqalədə Azərbaycan Milli Məclisinə seçkilərdə namizədlərin təbliğat-təşviqat kampaniyasının finiş xəttinə çatdığı deyilir:
“Mərkəzi Seçki Komissiyası bildirib ki, seçkilər noyabrın 1-də 8:00-da başlayacaq, 19:00-da başa çatacaq. MSK informasiya mərkəzi seçkilərin gedişi haqda 10:00-da, 12:00-da, 17:00-da və 19:00-da məlumat verəcək. MSK sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, seçkiləri izləmək üçün 500-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası oktyabrın 30-da ispan deputat Yordi Cuklanın rəhbərliyi ilə Bakıya gələcək. Bakıda Rusiya nümayəndə heyətini də gözləyirlər. Eyni zamanda, MDB-nin uzunmüddətli müşahidəçiləri artıq Azərbaycanda seçkilərin monitorinqini keçirir. İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkunun rəhbərliyi ilə müşahidə missiyası tərəfindən respublika qanunvericiliyi öyrənilir, bütün dairə seçki komissiyalarının işi müşahidə edilir. Seçki günü Bakıya gələcək MDB-nin 147 müşahidəçisi ölkənin bütün bölgələrində müşahidə aparacaq”.
V.Qarkun bildirib ki, onlar Sumqayıt, Abşeron, Qəbələ və İsmayıllıda olublar:
“Hesab edirik ki, müşahidə aparmaq üçün vacib şərait yaradılıb. Yəni şəffaflıq tamamilə təmin olunub. Seçki prosesinin təşkili üçün qəbul edilən qanunvericilik bazası ilə ciddi şəkildə tanış olmuşuq. Qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər beynəlxalq qaydalara və seçkilərin keçirilməsi prinsipinə uyğundur”.
Onun sözlərinə görə, MDB ölkələrindən olan müşahidəçilər MDK və dairə seçki komissiyalarının işini yüksək səviyyədə qiymətləndirirlər.
“Nezavisimaya qazeta” yazır ki, hazırlıq prosesini və seçkiləri Rusiya jurnalistlərinin böyük qrupu işıqlandıracaq:
“Onlar bir gün əvvəl Milli Məclisdə oldular və Oqtay Əsədovla görüşdülər. Azərbaycan qanunverici orqanın rəhbəri seçkilərə hazırlıq prosesindən danışıb və Bakıya müşahidə missiyası göndərməkdən imtina edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyini tənqid edib”.
Nəşr qeyd edir ki, ATƏT/DTİHB-nin Azərbaycandan qisas almaq üçün atdığı bu addım təkcə ölkə daxilində tənqidlərə məruz qalmır, həmçinin, ölkə hüdudlarından kənarda da sərt tənqid olunur.
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ATƏT/DTİHB-ni tənqid etməsini xatırladan nəşr Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” məqaləsindən də sitatlar verib.
1026 dəfə oxundu