“Yeni Şura insanların işini asanlaşdıracaq” - Abid Şərifov
“Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan üzərindən yükdaşımalar həyata keçirən insanların işini asanlaşdıracaq”.
AzVision.az “Report”a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov dövlət başçısının fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasını şərh edərkən bildirib. Qurumun yaradılmasının önəmli məsələ olduğunu vurğulan hökumət təmsilçisi qeyd edib ki, son iki ildə Azərbaycan üzərindən daşınan yüklərin həcmi azalıb. Onun sözlərinə görə, məsələnin obyektiv və subyektiv tərəfləri var və bunu təkcə nəqliyyatçılarla əlaqələndirmək olmaz.
“Əvvəllər yüklər istər hava, istər quru, istərsə də su vasitəsilə Azərbaycan üzərindən daşınarkən 5-6 qapı döyməli olurdusa, indi yeganə bir quruma müraciət edəcək. Bu, Azərbaycan üzərindən işləyən müştərilər üçün olduqca önəmli və zəruri məsələdir. Fərmandan da göründüyü kimi burada bir neçə qurum fəaliyyət göstərəcək. Onların arasında hər hansı bir problemin olmaması, habelə digər zəruri məsələlərin tənzimlənməsi, məsləhələtlərin verilməsindən ötrü də Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması lazım idi”, - deyə A. Şərifov bildirib.
“Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizi 2016-cı ilin üçüncü rübündən etibarən tam şəkildə istifadəyə veriləcək” – deyən Abid Şərifov bildirib ki, layihə ilə bağlı hər hansı bir danışıqlara ehtiyac yoxdur, görüşlər isə işin inkişafı ilə əlaqədar keçirilir:
“Məlum olduğu kimi, Türkiyə layihəni gələn ilin birinci yarısında yekunlaşdırmağı nəzərdə tutub. Hesab edirəm ki, 2016-cı ilin üçüncü rübündə layihə tam şəkildə istismara veriləcək”.
Türkiyənin Bosfor boğazının altından yeni dəmiryolu tunelinin gələn il inşa etməyi nəzərdə tutulduğunu xatırladan hökumət başçısının müavini əlavə edib ki, bu layihə də BTQ dəhlizinin şərq ölklərindən Avropaya olan məsafənin dəfələrlə qısalmasına kömək edəcək.
1021 dəfə oxundu