Yanan binanın sakinlərinə kompensasiya verilməsinə başlanıb
Bakının Binəqədi rayonunda yanğın baş verən binanın sakinlərinə kompensasiyanın verilməsinə başlanılıb.
APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla birlikdə Binəqədi rayonundakı Səyyar “ASAN xidmət”ə gedən sakinlər kompensasiya verilməsi ilə bağlı arayışları alıblar. Artıq sakinlər kompensasiyaları almaq üçün “Kapitalbank”a müraciət etməyə başlayıblar. Qeyd edək ki, Nazirlər Kabineti Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib.
Sərəncama əsasən, binada baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət almış bina sakinlərinin hər birinə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.
Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb. Bu məsələlərin və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb.
1776 dəfə oxundu