80-ci illərin sonlarında yaşanan neft böhranı gəlir dünya şokda

80-ci illərin sonlarında yaşanan neft böhranı gəlir


İranla Qərb arasında əldə edilmiş nüvə razılaşmasının qlobal neft bazarına təsirləri özünü çox gözlətməyib.

Xəbər verildiyi kimi, dünya bazarlarında Brent markalı neftin qiyməti növbəti psixoloji həddin - 50 dolların altına enib.

Analitiklər 2015-ci il üçün mümkün ən aşağı qiyməti 40 dolların üstündə proqnozlaşdırıblar. Brentin mümkün eniş həddi kimi bir barrel üçün 45, 19 dollar müəyyən edilib.

“Qiymətlər bundan sonra sabitləşəcək və ya enəcək”- Frankfurtdakı “Commerzbank”ın analitiki Karsten Fritç (Carsten Fritsch) deyib.

“Hələlik başadüşülən budur ki, bazarın ifrat doldurulması daha uzun müddətdə davam edəcək”- analitik əlavə edib.

Bazar aşıb-daşır

Hazırda Birləşmiş Ştatlarda benzin ehtiyatları 811 min barrelə çatıb, bu isə gözlənildiyindən 300 min barrel çoxdur. Reuters agentliyi xəbər verir ki, iri neft şirkətləri xərclərini 180 milyard dollar ixtisar etdikdən sonra belə, səhmdarların dividentlərini ödəmək üçün borca girməkdə davam edirlər.

Brent markasından olan neftin bir barrelinin qiyməti ötən illə müqayisədə yarıbayı ucuzlaşaraq 50 dollar həddinə düşüb, bu isə o deməkdir neft nəhəngləri artıq istismarda olan yataqlarda daha çox ixtisarlara getməli olurlar. Neft şirkətləri həmçinin müəyyən yataqlardakı bizneslərini satmağa maraq göstərir.

Beləliklə, neft qiymətləri artımının yardıma gələcəyinə olan ümidlər tükənib. Məsələ burasındadır ki, Amerikanın şist nefti sənayesində baş verən inqilabi yüksəlişlə ayaqlaşmağa çalışan OPEC ölkələri yeganə çıxış yolunu bazara daha çox neft vurmaqda görürlər.

Qiymətlər 2020-dən dirçələ bilər

Reuters agentliyinin analitiklər arasında apardığı rəy sorğusunun nəticələrinə görə Brent neftinin 2015-ci il üçün orta qiyməti bir barrel üçün 60, 60 dollar, 2017-ci il üçünsə 69 dollar həddində qərar tutacaq. Beynlxalq Energetika Agentliyi fevral ayında bildirmişdi ki, təchizatın azalacağı təqdirdə 2020-ci il üçün bir barrelin qiyməti 73 dollara çata bilər. Bu rəqəmlər Azərbaycan dövlət neft şirkəti SOCAR-ın rəhbəri Rövnəq Abdullayevin proqnozu ilə ziddiyyət təşkil edir. SOCAR prezidenti Brent nefti üçün qiymətin 70 dollar ətrafında qərar tutacağını bildirmişdi. “Jefferies” investisiya bankının təhlilçiləri bildirirlər ki, beynəlxalq neft şirkətləri “ziyansız qiymət hədlərini” bir barrel üçün 10 dollar da aşağı salıblar. Lakin hətta bu halda da 2016-cı ildə bütün xərc və dividentlərini ödəmək üçün onlara bir barrelin 82 dollar olması lazım gələcək. Bank bildirib ki, neft şirkətləri yaranan boşluğu doldurmaq üçün daha çox kredit almağa məcbur olacaqlar.

Nəhənglərin nəhəng ixtisarları


Neft təhlilçiləri deyirlər ki, “Royal Dutch Shell”, “Chevron” və “Total” kimi neft nəhəngləri ziyanın bir hissəsini sərfəli neftayırma sənayesinin hesabına silə bilirlər. Başqa şirkətlər isə ziyanı azaltmaq üçün istehsalı artırmağa məcburdurlar. Neft şirkətləri qiymətlərdən asılı olaraq xərcləri 15 faizədək azalda bilər. Xəbər verilir ki, dünyanın aparıcı neft şirkətləri ikinci rübdə daha ağır və daha dərin ixtisarlara və başqa tədbirlərə hazır olduqlarını göstəriblər.

BP şirkətinin rəhbəri Bob Dadli deyib ki, “aşağı neft qiymətləri daha uzun müddətdə davam edəcək”. Bu da gözləniləndir ki, ağır investisiya ixtisarları 2020-ci ilədək neft istehsalının tutumunu gündə 2 milyon barrel azalda bilər, lakin boş qalan yeri OPEC ölkələri dərhal doldurmağa can atacaqlar.

Dadlinin qorxunc proqnozu

Robert Dadli deyib ki, bu, Aberden və Anqoladan Hyustona bütün sənayeni bürümüş böhrandır və “1986-cı ili xatırladır”.1985-ci ilin sonlarında OPEC ölkələrinin, qeyri-OPEC istehsalın artması ilə bağlı öz hasilatlarını artırmaları 8 ayın ərzində neft qiymətlərini 30 dollardan 10 dollara endirmişdi.

O zaman neft sənayesi xərclərini 25 faiz, işçi qüvvəsini isə 30 faiz ixtisar etməyə məcbur olmuşdu. Qiymətlər yalnız sonrakı 10 il ərzində dirçəlməyə başlamışdı. Hesab edilir ki, məhz neftin qiymətinin 10 dollara enməsi dünyanın ən böyük dövlətlərindən birinin-SSRİ-nin dağılmasına aparan prosesləri başlatdı.

Lakin investisiya banklarından bəziləri bildirirlər ki, neft qiymətlərinin tənəzzülü indiki tempində davam etsə, böhran 1986-cı ildəkindən də ağır olacaq və dirçəliş üçün daha uzun müddət vaxt lazım gələcək.

Neft nəhənglərinin hazırda ixtisar etdikləri və ya təxirə saldıqları layihələr əsasən çox iri neft və qaz yataqlarına aiddir.

BP böhrana daha hazırlıqlıdır

Bəzi müşahidəçilər isə bildirirlər ki, neft şirkətləri hətta qiymətlərdən asılı olmayaraq da səmərəliyi artırmağa məcburdurlar, çünki son beş ildə əməliyyatların qiyməti üç dəfə artıb.

BP bu böhranı nisbətən yüngül keçirir, çünki şirkət artıq 45 milyard dollarlıq aktivlərini sata bilib.

“Jefferies” bankından təhlilçi Ceyson Camel bildirib ki, BP bütün neft şirkətlərinin arasında ixtisarlara ən yaxşı hazır olanıdır.

Hazırda neft nəhəngləri ziyanlarını daha çox kreditə girməklə ödəyirlər. Kreditlər onların kapital dəyərinin 15 faizini təşkil edir və bu başqa sənayelərlə müqayisədə pis gösətərici sayılmır. Analitiklərin fikrincə, qiymət böhranından çıxmaq daha kiçik şirkətlər üçün son dərəcə çətin olacaq.

İlk zərbəni rubl aldı

Bu arada neft qiymətlərinin son enişinin ilk silləsi Rusiya rublunu tutub.

Mart ayından bəri ilk dəfə olaraq Moskva birjasında avro 70 rublu keçib. Dolların qiyməti apreldən bəri ilk dəfə olaraq 64 rubla çatıb.

Rusiya təhlilçiləri bildirirlər ki, rubl üzərinə əsas təzyiq neft qiymətlərinin düşməsindən gəlir. “Sberbank”dan olan təhlilçilər deyiblər ki, “rubl neft qiymətləri enişinin zərbəsinə tab gətirə bilmədi”.

Bu da xəbər verilir ki, rublun məzənnədən daha çox düşəcəyi gözlənilir (“Azadlıq” radiosunun icmalı əsasında).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...