Azərbaycanda ekoloji təmiz məhsul istehsal etməyə nə mane olur?

Azərbaycanda ekoloji təmiz məhsul istehsal etməyə nə mane olur?
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı qarşıya hədəf kimi qoyulsa da, bunun üçün vacib olan ekoloji təmiz, orqanik məhsul istehsalı sahəsində vəziyyət elə də yaxşı deyil.

Halbuki, qonşu Türkiyənin turizm sahəsində əldə etdiyi nailiyyətlərdə, böyük gəlirlərdə təbii şəraitlə yanaşı ölkədə istehsal olunan ekoloji təmiz məhsullar böyük rol oynayır.

Bəs Azərbaycanda orqanik məhsul istehsal etməyə nə mane olur? "Report" mövzunu "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Əliyevlə müzakirə edib.

Tələbat var, amma ödənilmir

Onun sözlərinə görə, Azərbaycanda son illər orqanik məhsulların istehlakına maraq artsa da, əhalinin həmin məhsullara tələbatı ödənilmir: "Bu sahənin inkişafı 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritəsində prioritet istiqamətlərindən biri kimi nəzərdə tutulsa da, orqanik təsərrüfatların təşviqi üçün subsidiya və güzəştlər yoxdur. Sahibkarların öz təşəbbüsləri ilə ekoloji təmiz məhsul istehsal etməsi isə indiki şəraitdə qeyri-mümkündür. Adətən orqanik məhsul istehsalı ilə daha çox kiçik torpaq sahələri olan iş adamları məşğul olurlar. Onlar yüksək dəyərli məhsullar istehsal edirlər ki, kiçik ərazidən bacardıqca böyük gəlir əldə etsinlər. Çünki ekoloji təmiz məhsul adi məhsuldan 3-6 dəfə baha olur. Böyük təsərrüfat sahibləri daha çox intensiv və super intensiv əkinçiliklə məşğul olurlar. Onların hədəfi bazara ucuz başa gələn çoxlu məhsul çıxarmaqdır".

Dövlət dəstəyi lazımdır

E.Əliyev əlavə edib ki, mövcud qanunvericilik orqanik kənd təsərrüfatı sahəsinin tənzimlənməsi üçün müvafiq koordinasiya edici orqanın müəyyən olunmasını tələb edir, amma belə bir orqan müəyyənləşdirilməyib: "Biz daima müxtəlif nazirliklərin müvafiq qurumları ilə bu sahədə olan problemləri müzakirə edirik. Mən başa düşürəm ki, hazırda prioritet məsələ ölkənin zəruri ərzaq məhsulları ilə təmin edilməsidir. Orqanik məhsul istehsalı isə “Qlamur” sahə sayılır və məhdud sayda istehlakçısı olur. Yaxın zamanlarda kənd təsərrüfatı naziri assosiasiyamızın üzvlərini qəbul edəcək və bu sahənin problemlərini onunla birgə müzakirə edəcəyik. Bu sahənin gəlirli olmasına baxmayaraq, ilkin kapital qoyuluşunun və əməyin intensivliyinin yüksək olması bir çox fermerləri alternativ kənd təsərrüfatı sahələrinə yönləndirir. Son illər ekoloji məhsul istehsalı ilə məşğul olan fermerlərin sayı azalmağa doğru gedir ki, bu da dediyim sahənin dövlət dəstəyi olmadan inkişafının çətin olduğunu göstərir".

Böyük potensial var

Onun sözlərinə görə, Azərbaycanın orqanik məhsul istehsalı üçün potensialı böyükdür: "Beynəlxalq ekspertlər Azərbaycanın şimal-qərb (İsmayıllıdan Balakənə qədər) və cənub zonalarını orqanik təsərrüfatların yaradılması üçün əlverişli ərazilər kimi qiymətləndirirlər. Həmçinin işğaldan azad edilmiş ərazilər ekoloji təmiz məhsul istehsalı üçün əlverişli imkanlar təqdim edir. Bu torpaqların kəskin kimyəvi gübrələrdən və pestisidlərdən təmiz olması, sertifikasiyaya qədər tələb olunan keçid dövrünü minimuma endirir. Bu kontekstdə biz "Orqanik Qarabağ" və "Orqanik Zəngəzur" markalarının yaradılması təklif etmişik ki, bunlar da regionun potensialından səmərəli istifadə etməyə imkan verə bilər. Artıq Zəngilan rayonunda yaradılan “Dost Aqropark”da orqanik məhsul istehsalı üçün xüsusi bölmə fəaliyyət göstərir".

Orqanik məhsul necə olmalıdır?

Assosiasiya rəhbəri Azərbaycanda "orqanik" adı altında satışa çıxarılan məhsullarla bağlı da mövqeyini açıqlayıb: "Orqanik məhsullar müəyyən standartlara və qaydalara uyğun istehsal olunmalıdır ki, o adla satışa çıxarıla bilsin. Bu məhsulların istehsalına, qablaşdırılmasına və markalanmasına ciddi nəzarət edilməlidir. Orqanik məhsul istehsalçısı xüsusi sertifikat almalıdır. Bu sənəd uzunmüddətli proseslər nəticəsində əldə edilir. Yəni, kimsə hansısa məhsulların üzərində orqanik yazırsa, bu, o məhsulun orqanik olması demək deyil. Müəyyən proseslər nəticəsində əldə edilən sertifikat məhsulun orqanik olduğunu sübut edir. Təəssüf ki, bəzi istehsalçılar məhsulların üzərində sadəcə “orqanik” ifadəsini yazaraq istehlakçını çaşdırırlar. Onlar bunun məsuliyyətini dərk etməli, bunun hansı hüquqi öhdəliklər yaratdığını anlamalıdır”.

Ekoloji kənd təsərrüfatı yeni mərhələdə

E.Əliyevin sözlərinə görə, son illər dünyada insanlar səhhətlərinə daha çox fikir verir və genetik modifikasiya olunmamış, pestisid və kimyəvi maddələrdən azad qidaları istehlak etməyə üstünlük verirlər: "Bu tendensiya ekoloji kənd təsərrüfatını yeni mərhələyə keçirib. Avropada ekoloji qida bazarı davamlı olaraq genişlənir, çünki Avropa İttifaqında (Aİ) ekoloji qida istehsalına subsidiyalar ayrılır, fermerlərə təşviqlər təklif edir. İttifaq ekoloji təmiz kənd təsərrüfatını dəstəkləmək üçün bir sıra tənzimləmə və qanunvericilik aktları qəbul edib. Hətta Avropa Komissiyası 2030-cu ilə qədər əkin sahələrinin 25 %-nin ekoloji standartlara uyğun olmasını hədəfləyir. Aİ ekoloji məhsulların ixracatına və daxili bazarda rəqabət qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirir”.

O vurğulayıb ki, 2024-cü ildən 2034-cü ilə qədər orqanik qida bazarının dəyərinin 11,2 % artaraq təxminən 658 milyard ABŞ dollarına çatacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...