"Soruşuruq ki, hanı təsərrüfat? Deyir, qəzaya düşdüm, pulları həkimə, dərmana xərclədim..."
"Soruşuruq ki, hanı təsərrüfat? Deyir, qəzaya düşdüm, pulları həkimə, dərmana xərclədim..."
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun kabinetindən Bakının gözəl mənzərəsi açılır. “Buradan son onillikdə tikilmiş yeni Bakının gözəl mənzərəsi görünür, indi isə sağa baxın - orada Sovetski küçəsinin daxmalarının kədərli mənzərəsini görəcəksiniz. Bu təzad bizim ölkəmizdə baş vermiş dəyişiklikləri simvolizə edir”, - nazir deyir.
Qonaqpərvərliklə bizi çaya dəvət edir. Olduqca narahatlıq doğuracaq dərəcədə bəyaz, eyni zamanda sürtülmüş kresloya otururuq. Səlim Müslümov təəcübləndiyimi görür: “Bu mebel keçmiş nazirdən qalıb. Ümumiyyətlə, mən kabinetdə heç nəyi dəyişməmişəm. Təkcə bu şəkli sağ tərəfdən asmışam”, - mavi-yaşıl okean dalğalarının sahilə vurduğunu əks etdirən, yağlı boya ilə çəkilmiş rəsmi göstərir.
Elə bu cür şahə qalxan dalğalar nazirin həyatını bir neçə dəfə dəyişib. M.Lomonosov adına MDU-nun aspiranturasını bitirən gənc iqtisadçı Səlim Müslümov 30 yaşında Dövlət İqtisad Universitetində dekan müavini olub. O vaxt ağlına da gətirməzdi ki, taleyi belə dəyişəcək. 2000-ci ildə Müslümov Gömrük Xidməti generalı oldu və general ulduzlarını Heydər Əliyevin özü ona şəxsən təqdim etdi. İndi həmin ulduzlar onun kabinetində xatirə eksponatıdır.
Azərbaycanın vergi məcəlləsini işləyib hazırlayanlardan biri olan Səlim Müslümovu maliyyə nazirinin müavini vəzifəsinə hazırlayırdılar. Lakin gözlənilməz dönüş baş verdi. Kəmaləddin Heydərovun müavinlərindən biri, Gömrük Xidmətində fiskal siyasətə cavabdeh olan indiki vergilər naziri Fazil Məmmədov yeni təyinat aldı. Və komitəyə yüksək ixtisaslı maliyyəçi və iqtisadçı lazım oldu. K.Heydərova Maliyyə Nazirliyinin gənc idarə rəisini məsləhət gördülər. Beləliklə də, özünün gözləmədiyi halda S.Müslümov Dövlət Gömrük Komitəsində general rütbəli sədr müavini oldu.
Lakin tale onu yenə təəcübləndirəcəkdi. Müslümovun karyerasında böyük uğurlar hələ qabaqda idi. 2002-ci ildə prezident Heydər Əliyev növbəti ilin büdcəsini müzakirə etmək üçün nazirlərin və komitə rəhbərlərinin müşavirəsini keçirirdi. Bundan bir neçə gün əvvəl Kəmaləddin Heydərov soyuqlamışdı və Səlim Müslümova tapşırdı ki, onu prezidentin müşavirəsində əvəz etsin. Bu da gənc iqtisadçının, gömrük generalının taleyində yeni dönüşü müəyyən edən təsadüflərdən biri, ola bilsin, qanunauyğunluq idi.
Müslümov Heydər Əliyevin diqqətini dərhal cəlb etdi. Patriarx gənc iqtisadçı-generalın arqumentlərini böyük diqqətlə dinlədi. Və Səlim Müslümov üçün taleyüklü qərar qəbul etdi - bir neçə gündən sonra onun Dövlət Sosial Müdafiə Fondunun rəhbəri təyin edilməsi haqda sərəncam imzaladı.
Səlim Müslümovu nazir postundan cəmi bir addım ayırırdı. Və yenidən tale öz işini gördü. İsmayıllı hadisələri keçmiş əmək və əhalinin sosial müdafiəsi nazirinin karyerasını bitirdi. Prezident İlham Əliyev 2013-cü il prezident seçkilərindən sonra S.Müslümovu kabinetinə çağırdı, ona hökumətdə ən ağır, ən çox tənqid olunan postu - əmək və əhalinin sosial müdafiəsi naziri postunu tapşırdı.
Təsəvvür edirsinizmi ki, kəskin bank böhranının yaşandığı ölkədə əhalinin sosial baxımdan ən həssas təbəqəsinin maraqlarına cavabdeh olan nazirin işi necə ağırdır? Söhbətə nazirin üzərinə düşən məsuliyyətdən başlayıb tədricən Beynəlxalq Bankın ölkənin büdcəsi qədər vəsaiti dağıdan keçmiş rəhbəri Cahangir Hacıyevin cinayətkar fəaliyyətinə keçirik...
- Azərbaycanda heç kim inanmır ki, nə vaxtsa təkcə pensiya ilə yaşaya bilər. Sual olunur ki, adam, özü də ahıl yaşında 150 manata necə dolana bilər? Bu pul heç dərmanlara da çatmır.
- Azərbaycanda pensiya islahatları keçirilənə qədər səsləndirdiyiniz fikir əhalinin sosial müdafiəsinin həyata keçirilməsində əsas problem idi. Soruşa bilərsiniz ki, niyə? Misal üçün, siz 1000 manat maaş alırdınızsa, 125 manat sizin hesabınıza, yerdə qalan 125 manat isə ümumi fonda köçürülürdü. Kimsə 200 manat maaş alırdısa, yalnız 25 manatı hesabına, 25 manatı isə ümumi fonda keçirdi. Bərabərləşdirmə sistemi hökm sürürdü və bu zaman 200 manat maaş almış pensiyaçı faktiki olaraq, başqa potensial pensiyaçıların hesabına pul alırdı. Biz bu sistemi ləğv etdik. İndi hər bir pensiyaçı öz halal pulunu alır.
Heç kimin şikayət etməyə haqqı yoxdur. Hamıya əməyinə və bacarığına görə! Hər şey maaşından asılıdır. Dövlət, sosial cəhətdən zəif təbəqə və dövlət qulluqçuları istisna olmaqla, öz öhdəliklərindən imtina edib.
2019-cu ilin büdcəsində pensiya ödəmələrinin yeni sistemi öz əksini tapacaq. Bundan sonra Pensiya Fondunun sərbəst vəsaiti olacaq. Əlbəttə, dərhal soruşacaqsınız ki, indiki halda bu vəsait iqtisadiyyatın hansı seqmentinə yatırılacaq? Bəli, bu gün bu çətin sualdır.
- Sərbəst vəsait banklara yerləşdirilməlidir. Lakin Azərbaycan bank sisteminin indiki vəziyyətini nəzərə alsaq, bu çox riskli addımdır...
- Əlbəttə, biz bunu banklar vasitəsilə gerçəkləşdirməliyik. Lakin indiki vəziyyətdə yalnız ona ümid edirik ki, vəsaitləri xəzinədarlıq öhdəliklərinə yatıraq. Bununla birlikdə, bank sisteminin sağlamlaşdırılmasına səmimi şəkildə ümid edirik.
- Uzun müddət Maliyyə Nazirliyində aparıcı mövqedə çalışmışınız. Banklara əvvəlki etimadın qaytarılması üçün nə etmək lazımdır? Kreditləşdirmə necə bərpa edilə bilər?
- Şübhəsiz ki, bu mümkündür. Bu yaxınlarda dəvətimizlə Azərbaycana gəlmiş Beynəlxalq Əmək Təşkilatının (BƏT) mütəxəssisləri də qeyd etdilər ki, özəl sektorun maliyyə ehtiyatlarına çıxışı əsas və ağrılı problemdir. Nazirlər Kabinetinin son müşavirəsində cənab prezident də bu məsələni xüsusi vurğuladı. Fikrimcə, kredit-depozit vəsaitlərinin cəlb edilməsi mexanizminə köklü şəkildə yenidən baxılmalıdır, həmçinin yerli bazarda sağlam rəqabət atmosferi möhkəmlənməlidir.
Bizim üçün əsas məsələ yeni iş yerlərinin açılmasıdır. Əhalinin məşğulluğu istənilən siyasi qüvvənin gündəliyində duran əsas vəzifədir. Vətəndaşa nə lazımdır? İş yeri əldə etmək, özünün əmək qabiliyyətini reallaşdırmaq, əməyini satmaq, özünə və ailəsinə layiqli həyat təmin etmək.
- Buna görə də, bank sektorunun problemlərindən danışdım. Axı məhz iqtisadiyyatın kreditləşdirilməsindən başlamaq lazımdır.
- Şübhəsiz, yaranmış vəziyyətdən çıxış yalnız bundadır. 2008-2014-cü illərdə dövlət büdcəyə xeyli kapital qoyuluşu edirdi. Hökumət ölkənin bütün infrastrukturunu yenidən qurdu. 3000-dən çox təhsil müəssisəsi, 600 xəstəxana tikilmiş, 11 min kilometr yol salınmış, çoxlu sayda körpülər, yeraltı keçidlər, 6 beynəlxalq hava limanı tikilmişdi.
Bütün bu layihələr dövlət investisiyaları, Neft Fondundan kapital qoyuluşu formasında transfertlər hesabına görülmüşdü. Bu nəhəng proqram həyata keçirildiyi vaxtda bank kreditləşməsi məsələsi kölgədə qalmışdı. İndi isə ölkə iqtisadiyyatında yeni dövr başlayır. Dövlət özəl sektora da investisiya yatıraraq yeni zavod və fabriklər, istehsalat və sənaye obyektləri tikə bilməz ki.
Bu keyfiyyətcə yeni vəziyyətdə əsas rol bank sektoruna keçir və o, iqtisadiyyatı kredit ehtiyatları ilə təmin etməlidir. Əvvəllər dövlət iqtisadiyyatın inkişafı üçün tələb olunan kredit ehtiyatlarının çatışmazlığını aradan qaldırırdı. Bu gün bu yoxdur, lakin banklar bu çatışmazlığı özləri aradan qaldıra bilirmi? Açığını deyək ki, yox.
Bunu nə ilə izah etmək olar? Birincisi, ABB ətrafında faciəvi hadisələr öz rolunu oynadı. Mərkəzi Bankın depozit qoyuluşlarının azalması ilə bağlı son məlumatları ürəkaçan deyil. Digər tərəfdən, sual yaranır: insanlar depozitlərini çıxarıb hara yatırır?
- Heç yerə yatırmır. Hamı evində döşəyinin altına yığır.
- (Gülür) İnsanlar depozitlərini evdə saxlamağa məcburdur. Təsəvvür edin ki, bu vəziyyətdə dövlət manatın məzənnəsini qoruyub saxlaya bildi.
- Lakin manatın hazırkı məzənnəsi sərt monetar siyasət hesabına qorunub saxlanılır. Daxili istehsalın inkişafı baxımından bunun nə dərəcədə effektiv olması da hələ böyük sual altındadır...
- Bəli, əlbəttə. Lakin insanlar banklara etimadın bərpasını istəyir ki, bu pulları gəlir əldə etmək üçün yatırsınlar.
- İndi gəlin əsas suala cavab verək. Həmin pulları döşəyin altından çıxarıb iqtisadiyyata maliyyə yatırıma necə yönəltməli? Axı bu məhz sizin qurumunuzun məşğul olduğu əhalinin özünüməşğulluğu problemidir.
- Təbii ki, Amerika iqtisadiyyatının analizindən söhbət gedərkən ilk növbədə əmək nazirinin əhalinin məşğulluğu, işsizlik və bu amillərin iqtisadiyyata təsiri barədə məruzələrinə diqqət yetirilir. Bu gün biz işsizliklə mübarizə üzrə bir sıra tədbirlər həyata keçiririk. Cənab prezidentin göstərişi ilə sosial məsuliyyət proqramı çərçivəsində 40 mindən çox iş yeri açılıb.
Əlbəttə, əmək bazarının inkişafı baxımından bu qeyri-effektiv tədbir kimi görünə bilər, lakin bütün dövlətlər əmək bazarında sosial gərginliyin qarşısının alınması üçün bu metodlardan istifadə edir. Eyni zamanda, cənab prezident özəl sektora müraciət edib ki, sosial məsuliyyət proqramı çərçivəsində məsuliyyəti bölüşdürsünlər. Budur, hazırda biz həmin modeli iqtisadiyyatda keyfiyyətcə yeni şəraitə uyğunlaşdırırıq. Gəlir gətirən kənd təsərrüfatı sahələrində yeni iş yerləri açırıq. Pambıqçılıq, tütünçülük, fındıq istehsalı... Başqa sözlə, biz məhsulları dünya bazarında tələb edilən sahələrə sirayət edirik. Bu zaman əsas prinsipi - layiqli iş yerlərinin açılmasını əldə rəhbər tuturuq.
- Yeri gəlmişkən, bir neçə gün öncə siz üçüncü kənd təsərrüfatına investisiyalar Azərbaycan layihəsinin işlənməsi üzrə Dünya Bankının nümayəndələri ilə görüşmüsünüz. Lakin yeni özünüməşğulluq proqramı istehsalın bütün sahələrini əhatə edir. Bu o deməkdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iqtisadiyyatın başqa sahələrinə də investisiyalar problemi ilə məşğul olacaq?
- Əsas etibarilə, insanlar kənd təsərrüfatı ilə məşğulluğa üstünlük verirlər. Cənab prezident Ehtiyat fondundan özünüməşğulluq proqramının təmin edilməsi üçün 6 milyon manat ayırıb. Bu vəsaitlə nazirliyimiz 1377 ailəni özünüməşğulluğa cəlb edib və onları ayrılmış vəsaitlər hesabına aktivlərlə təmin edib.
- Biz bu proqrama tam bir konseptual məqalə həsr etmişik.
- Bilirəm. Budur, buyurun, həmin məqalə əlimin altındadır. Yaxşı məqalədir, təşəkkürümü bildirirəm. Bizə müraciət edən işsizlərin 84%-i məhz kənd təsərrüfatını seçib. Düzdür, bir ay əvvəl biz Bakıda da tenderlər keçirmişik – müsabiqə yüngül sənaye, xidmət, istehsal sahələrindəki layihələri əhatə edirdi, buna görə də, yeni proqramın icrasından sonra özünüməşğulluq proqramında kənd təsərrüfatının payı xeyli azalacaq.
Lakin etiraf edim ki, biz kəndə üstünlük veririk, axı şəhərdə istənilən halda iş tapmaq mümkündür. Kənddə vəziyyət daha çətindir. Biz özünüməşğulluğu üç istiqamətdə inkişaf etdirəcəyik. Birinci istiqamət – ailələr üçün kiçik biznesin yaradılmasıdır. Hazırda biz bu pilot layihəsini həyata keçiririk. Söhbət sığorta kapitalı hesabına işsizlik probleminin həllindən gedir.
- Bəli, biz bu barədə də yazmışdıq.
- İkinci istiqamətdə söhbət əhalisinin sayı 1000 nəfərdən 10000 nəfərə qədər olan ayrı-ayrı kəndlərdə infrastruktur layihələrindən gedir. Yol, körpü tikintisi, həyat şəraitinin yaxşılaşdırılması. Layihələr icmaların və yerli bələdiyyələrin nəzarəti altında gerçəkləşdirilirdi. Dünya Bankı iki layihəyə 166 milyon dollar ayırmışdı. İndi isə üçüncü layihəni başlamağı təklif edirlər. Təxminən 100 milyon dollar ayırmaq istəyirlər. DB rentabelli layihələrin gerçəkləşdirilməsinə üstünlük verir. Söhbət biznes-layihələrdən gedir. Biz ayrı-ayrı ailələrin özünüməşğulluğu üzrə layihələri həyata keçiririksə, DB 10-15 ailəni əhatə edəcək kooperativ biznes layihəsinin gerçəkləşdirilməsini təklif edir.
- Razılaşın ki, bu praktika Azərbaycanda özünü doğrultmayıb. Bir qayda olaraq, ayrılan subsidiyalar məqsədli xərclənmirdi. Ümumilikdə, elə vəsaitlərin oğurlanması sizi maliyyə aktivlərinin deyil, hazır təsərrüfatların verilməsi ideyasına gətirib çıxarıb. Axı pulu alandan sonra onu fermer təsərrüfatlarının yaradılmasına deyil, şəxsi ehtiyacları üçün sərf edirdilər...
- Çətin məsələdir. O ki qaldı hazır fermer təsərrüfatlarına, istehsal vasitələrinə və heyvanlara, bununla özəl şirkətlər məşğul olur. Şirkətin öz xərcləri, vergiləri və s. var. Nəticədə, nə alınır? Biz ailəyə 4 min manat ayırırıq, lakin onlar əllərinə cəmi 3000-3200 manat alır. Bu da qeyri-effektivdir. Dünən bu problemi ətraflı müzakirə etdik – bəlkə də bu pulları özünüməşğulluq proqramına cəlb edilən ailənin hesabına yatırmaq daha doğru olar.
- Axı insanlar bu pulları yenə də şəxsi ehtiyacları üçün sərf edəcək. Kim zəmanət verir ki, həmin pullar məqsədi üzrə xərclənəcək?
- Razıyam. Bir dəfə bunu keçmişik. Deyirəm axı çətin məsələdir. Lakin digər halda vəsaitin 20%-i özəl şirkətlərə gedir. Axı şirkətlərin nəqliyyat, alış, vergi xərcləri var.
- Axı siz həm də şirkət əməkdaşlarını işlə təmin edirsiniz, elə deyil? Onları da özünüməşğulluq proqramına cəlb edirsiniz. Bu layihəyə nə qədər çox adam cəlb olunsa, hökumət də bir o qədər qarşıya qoyulan məqsədə yaxın olacaq!
- Doğrudur. Bu da işə cəlbetmə prosesidir. Lakin mənə insanlar şikayətlər ünvanlayır – bizə 4 min manat ayrılıb, təsərrüfata isə cəmi 3200 manat xərclənib?! Hamını fərdi qaydada başa salmaq lazım gəlir, başa düşürsünüz?! İnsanlar bunu anlamır, dərk etmək istəmir. Lakin pulu onların əlinə versək, haqlısınız ki, vəsaitlər məqsədsiz şəkildə xərclənir. Deyək ki, 4 min manat verdik. Soruşuruq – təsərrüfat hanı? Cavab verirlər ki, qəzaya düşdüm və pulun hamısını həkimlərə və dərmanlara xərclədim. Bu dilemma ilə nə edəsən?
Daha bir problem bundadır ki, bəzən düzgün quluq edilmədiyinə, yaxud ekstremal vəziyyətə görə heyvanat tələf olur. İndi biz təsərrüfatların sığorta edilməsinə keçirik. Heyvanat tələf olarsa, sığorta şirkəti yenilərini verəcək. Axı bu kəndlinin yeganə ümididir.
Dünya Bankı nə tövsiyə edir? Digər ölkələrin təcrübəsinə əsaslanaraq, DB ekspertləri bu təsərrüfatları icma prinsipi üzrə birləşdirərək, ayrı-ayrı ailələrin deyil, icmaların maliyyələşdirilməsini məsləhət görürlər. Kreditləşmə prinsipi üzrə maliyyə icmaların hesabına yatırılacaq. Xərclənmə prosesi donorlar tərəfindən nəzarətə götürüləcək. Mənə belə gəlir ki. bu yaxşı ideyadır, özünüməşğulluğu inkişaf etdirə bilər.
Üçüncü istiqamət də var. Cənab prezidentin tapşırığı ilə biz Avropa Yenidənqurma və İnkişaf Bankının təmsilçiləri ilə danışıqlar aparmışıq. Onlar kombinə edilmiş kreditləşmə sisteminin tətbiqini təklif edir. Deyək ki, 5 min manat ayırırıq, halbuki icma təsərrüfatı özündə 10 min manatlıq layihənin gerçəkləşdirilməsi üçün potensial hiss edir. Əlavə vəsait kredit şəklində təqdim olunur.
Yeri gəlmişkən, layihəmizin gerçəkləşdirilməsi ərəfəsində cənab prezident Azərbaycana Nobel mükafatı laureatı, mikromaliyyələşdirmə və mikrokreditləşmə sahələrinin pioneri, məşhur banqladeşli iqtisadiyyat professoru Məhəməd Yunusu dəvət etdi. Bizimlə görüşündə uzun müzakirələrdən sonra o, qrant şəklində subsidiyaların verilməsinin əleyhinə çıxdı. O əmindir ki, bu halda insanlar məsuliyyət hissini itirir – onlar subsidiyaları dövlətin hədiyyəsi kimi dəyərləndirir.
M.Yunus belə də dedi: bir müddətdən sonra siz bu pulları hədiyyə də edə bilərsiniz, lakin məsuliyyət hissinin möhkəmlənməsi üçün vətəndaş dərk etməlidir ki, bu borc öhdəliyi və kreditdir və o, həmin pulları dövlətə qaytarmağa borcludur.
Halbuki Xorvatiyada və Monteneqroda bu mikrokreditlər qrant formasında təqdim olunur. Xorvatiyada bu cür qrantları 8 min ailə alıb. Bu da öz effektini verir. Mən mikromaliyyələşdirmənin hər üç variantının tətbiq edildiyi qarışıq subsidiyalaşdırma sistemini təklif edirəm.
- Dərhal daha bir sual doğur. Necə düşünürsünüz, bu və ya digər sahədə özünüməşğulluq yerli bazarın hansı hissəsini tuta bilər?
(ardı var)
1034 dəfə oxundu