“Pensiya yaşına 2 il qalmış vətəndaş işdən çıxarılmamalıdır”

“Pensiya yaşına 2 il qalmış vətəndaş işdən çıxarılmamalıdır”
Azərbaycanda Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edib.

“Azərbaycanda pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməməlidir. Pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür. Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinliklə üzləşirlər.

Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməməsi istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktika bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu, onların sosial hüquqlarının qorunması baxımdan vacibdir”, - deputat vurğulayıb.

***

Komitə sədri Musa Quliyev təklifi dəstəkləyib.

“Qanuna bunun gətirilməsi müsbət hal olar. Xahiş edirəm ki, qanun layihəsinin mətnini hazırlayın. Yaxşı təklifdir, bunu qəbul edə bilərik. Çox ciddi məsələdir. Çünki o yaşdan sonra şəxs yeni peşə öyrənə bilməz və yaxud yeni iş yeri axtarmaq da çətin olur. Pensiya yaşına qədər isə pensiya almadan tam təminatsız qala bilər. Ona görə də belə bir qanunun olması lazımdır”, - M.Quliyev əlavə edib.

***

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, həqiqətən çox ciddi hüquqi əsasları olan dəyişiklik zərurəti mütləqdir: “Çünki bir neçə il bundan əvvəl, 2021-ci ildə bu məsələ olduqca başqa bir metodoloji yanaşma ilə həllini tapdı. Belə ki, bəzi vətəndaşlar çıxılmaz vəziyyətlə üz-üzə qalmışdılar. Onların ən azı dövlət qulluğunda 13 il stajları var idi və pensiya yuxarı yaş həddinə çatmasına ən çox 2 illəri qalırdı. Biz bilirik ki, dövlət qulluğunda pensiya hüququ yaradılması üçün minimum 15 il tələb olunur. O zaman bu komitənin çox ciddi cəhdlərindən sonra qanunvericiliyə dəyişiklik olundu. Düşünürəm ki, əslində yanaşma olaraq fərqli olsa da, mahiyyətcə eyni məsələdir. Biz də qanun yaradıcılığı formasında dəstək verməyə hazırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...