Azərbaycanlı məşhurlardan kimlər əşyalarını hərraca çıxarıb?
Mərhum eks-prezident Əbülfəz Elçibəyin əşyaları haqda maraqlı faktlar açıqlanıb
Dünya təcrübəsində məşhur insanların, o cümlədən tanınmış siyasi liderlərin, sənətçilərin qiymətli əşyalarının hərraca çıxarılması adət halını alıb. Vəsiyyətnamələrindən asılı olaraq onlar çox zaman bu cür hərraclar xeyriyyə məqsədi ilə təşkil edilir. Son dövrlər artıq həyatda olan məşhurlar belə öz dəyərli əşyalarını toplayaraq baha qiymətlərlə satışa çıxarmağa başlayıblar. Məsələn, bu günlərdə dünyaca məşhur müğənni Ledi Qaqanın uşaqlıqdan istifadə etdiyi pianosunun hərraca çıxarılacağı barədə xəbərlər yayıldı. Məlumata görə, hərrac Nyu-Yorkun kafelərinin birində keçiriləcək. Təşkilatçılar pianonun azı 100 min dollara satılacağına ümid edirlər.
Bəs Azərbaycanda hansı məşhurların əşyaları, geyimləri hərraca çıxarılıb? Xeyriyyə məqsədi ilə və ya qazanc əldə etmək üçün kimlər hərraca qoşulmaq istəyər?
Məsələ ilə əlaqədar kiçik araşdırma apararkən mərhum eks-prezident Əbülfəz Elçibəyin əşyaları ilə maraqlandıq. Qardaşı Almurad Əliyev bu barədə “Yeni Müsavat”a maraqlı açıqlamalar verdi: “Onun bütün əşyaları öz evimizdədir. Heç bir dənəsi də kənara getməyib. Hamısını özüm bir yana yığıb qoymuşam. Əşyalarının arasında qəlyanı, silahı, hər şey var. Onları satışa çıxarmamışam, çıxartmaq fikrində də deyiləm...
Maşını da evlərindədir. Hərdən bir uşağın özü çıxardıb gəzdirir, sonra gətirib yerinə qoyur. Hələ mən fikirləşirdim ki, maşınını satım, qalıb xarab olur. O da oğlu razı olmadı. Oğlunun özünün maşını var...
O vaxtlar təklif olunmuşdu ki, əşyaları yığılıb qorunsun. Lakin sonra üstünə də düşmədik, qaldı. Əlbəttə ki, əşyaları üçün ayrıca muzey kimi olsa yaxşı olar. O vaxt özləri təklif etmişdilər, sonra da, hər ikisinə Allah rəhmət eləsin, qaldı”.
Mövzu ilə əlaqədar deputat Fərəc Quliyevə də müraciət etdik. Deputat bu cür məsələlərə qəribə yanaşdığını bildirdi:
“Ümumiyyətlə, mən belə şeylərə çox qəribə baxıram. İlin, günün bu vaxtında heç adamın ağlına belə bir şey gəlməz. Bizim dində də göstərilir ki, sağ əlin verdiyini sol əl bilməz, xeyriyyə işləri ilə məşğul olacaqsa olacaq. Biz də əlimizdən gələn qədər bu işlə məşğul olanda çalışmışıq ki, bu hiss olunmasın və bu məqbuldur... Amma mən paltar, maşın və sairə satmaqla xeyriyyəçiliklə məşğul olmanın da real olduğunu görmürəm. Özümü də elə bir məşhur adamlardan hesab etmirəm ki, hansısa əşyamı baha qiymətə satım və sairə. Mən sadə həyat tərzi yaşayıram, avtomobilimi də özüm idarə edirəm, bütün günü əhalinin yanındayam. Başqa birisi haqda da desəz ki, Azərbaycan cəmiyyətində əşyalarını satmaqla xeyriyyəçiliklə məşğuldur, mən inanmaram”. Sənətçilərdən xalq artisti Flora Kərimova isə hələ ki, əşyalarını satmağa hazır olmadığını bildirdi: “Mənim əşyalarım səhnə paltarlarımdır. Onu da ki, adi adamlar geyinməz axı... Satmaq sözü mənə ağır gəlir. Hələ bu sözə hazır deyiləm”.
Xalq artisti, aktyor Ramiz Novruz isə əşyalarını satmaqdansa onları bağışlamağı çox sevir. Bu barədə aktyor “Yeni Müsavat”a açıqlamasında deyib: “Dünya çapında məşhur deyiləm (gülür). Belə bir şey təcrübəmdə olmayıb. Adətən məndə nəsə olanda kiməsə bağışlayıram. Satmaq fikrim olmayıb heç zaman. Geyimim də nə olubsa adətən bağışlayıram”. Xalq artisti bağışladığı maraqlı əşyalardan da söz açıb: “Filmdə çəkilən Həzi Aslanovun paltarı (“Mən sizi dünyalar qədər sevirəm” filmi red.) mənə verilmişdi. O da kinostudiya dağılmışdı deyə onu tapa bilmədim. Bax, onu əldə etmək istəyirəm... Sonra filmdə çəkilən tank var idi. O da məndə idi. Onu da oğlum əlil bir uşağın xoşuna gəldiyi üçün ona bağışlamışdı...
Mən ümumiyyətlə əşyalarıma bağlanıram. Tutaq ki, maşınımın aylar, illər keçdikdən sonra modeli dəyişməsinə baxmayaraq, mən dəyişmirəm. Çünki bir şeyə meylimi saldımsa ayrıla bilmirəm ondan”. Xatirladaq ki, bu günlərdə mərhum xalq artisti İlhamə Quliyevanın geyim əşyalarının hərraca çıxarıldığı barədə mətbuatda məlumat yayılmışdı. Məlumata görə, mərhum müğənninin geyimləri “Primaddona” dükanlar şəbəkəsində baha qiymətə satılır. Lakin müğənninin oğulluğu bu barədə “Yeni Müsavat”a açıqlama verərək məlumatı təkzib etmişdi.
990 dəfə oxundu