“Mart ayında yeni qiymət artımının şahidi olacağıq” - AÇIQLAMA
Azərbaycanda ənənəvi olaraq istənilən bayram ərəfəsində xüsusilə ərzaq, meyvə-tərəvəz məhsullarının bahalaşması müşahidə edilir. Ekspertlər hesab edir ki, hazırda bazarda hökm sürən “stabillik” mart ayından etibarən bahalaşma ilə əvəz ediləcək.
Elə iqtisadçı Natiq Cəfərli də Modern.az saytına həmin fikirlərlə razılaşdığını deyib:
“Təəssüf ki, bayram ərəfəsində ənənəvi olaraq mal və məhsullar, xidmətlər bahalaşır. Mart ayında da bunun şahidi olacağıq. Maraqlıdır ki, bizdə bayramlarda qalxan qiymətlərin sonrakı mərhələdə ucuzlaşması müşahidə edilmir. Mart ayındakı qiymət artımı bizə növbəti inflyasiya hədlərini göstərəcək. Çox güman ki, ən azı 10-15 faiz civarında qiymət artımının şahidi olacağıq”.
Hazırda müəyyən məhsullarda, məsələn, yumurta, qoz, fındıq, badam ləpəsi, müxtəlif meyvələrin qiymətində devalvasiya vaxtlarına nisbətdə qiymətlərin endiyini görürük.
Ekspert deyib ki, bütün bunlar inzibati idarə üsulunun nəticəsidir:
“Həmin vaxt müəyyən reydlər keçirildi. Yumurtanın qiymətinin qaldırılmasına görə, hətta cinayət işləri də açıldı. Bunun iqtisadi məntiqi olmalıdır. Çox güman ki, bir müddət sonra inzibati üsulla qiymətlərin tənzimlənməsi mümkün olmayacaq.
Nəzərə almaq lazımdır ki, hazırda alıcılıq qabiliyyəti də aşağı düşüb. Qoz, fındıq, badam kimi bahalı məhsulların qiymətinin bir az da artırılmasını gözləmək gərək deyil. Çünki, onsuz da alıcılıq qabiliyyəti aşağı düşüb. Qiymətlər qalxsa belə, insanlar bu məhsulları almaq iqtidarında deyillər”.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin saytımıza verdiyi “qiymətləri bazar tənzimləyir, manatın məzənnəsinin qiymət artımına heç bir təsiri yoxdur” fikrinə iqtisadçı belə cavab verib:
“İstər yerli, istər idxal məhsulların qiyməti birbaşa manatın məzənnəsilə əlaqəlidir. Yerli məhsulların xammalı da xaricdən gətirilir. Özündən “velosiped” düzəltməklə olmur bu işlər... Burada iqtisadi proseslərdən söhbət gedir. Maya dəyəri artdıqca? rəqabətli mühitin yaranması, gömrük tariflərinin , vergi dərəcələrinin aşağı salınması kimi iqtisadi alətlərlə qiymətlərin enməsi mümkündür. Amma inzibati amirlik sistemilə uzun müddət bunu etmək mümkün olmayacaq”.
922 dəfə oxundu