“Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi böyük əhəmiyyət daşıyır”
“Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
M. Məmmədquliyev deyib ki, hazırda qarşılıqlı faydalı əməkdaşlıq hər bir tərəfin marağındadır: “Tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması, vizaların asanlaşdırılması, mobillik sahəsində tərəfdaşlığa dair müştərək bəyannamə və digər addımlar uğurlu əməkdaşlığa yol açıb. Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı hörmət və ortaq maraqlarla bağlı saziş tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır, amma yeni sazişin imzalanması vacib məsələdir. Enerji sahəsində strateji anlaşma olduqca vacib idi. “Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilən Riqa sammitində Azərbaycan müvafiq mövqeyini açıqlayıb. 2016-2017-ci illərdə biz Azərbaycan və Avropa İttifaqı arasında sazişlə bağlı görülən işlərdən danışa bilərik. Söhbət üç istiqamətdən gedir. Birincisi siyasi sahədə Azərbaycan üçün əsas məsələ qarşılıqlı öhdəliklərin əks etdirilməsidir. Bu, beynəlxalq çərçivədə tanınmış sərhədlərin tanınmasını özündə ehtiva edir. Azərbaycanın ərazi bütövlüyü həm də Avropa üçün vacib məsələdir, bütövlükdə regionun sabitliyi və inkişafı üçün önəmlidir. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi tərəflərin münasibətləri üçün böyük əhəmiyyət kəsb edir. Biz insan hüquqları və demokratiya məsələləri barədə də razılığa gəlmişik. İkincisi ticarət və investisiya məsələləridir. Bu danışıqlar Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun aparılmalıdır. Keçmişdə Avropa İttifaqı müəyyən çevik yanaşmalar müəyyən edib. Bu, Ümumdünya Ticarət Təşkilatına üzv olmayan ölkələri əhatə edib. Üçüncüsü sektoral məsələlərdir, biz elm, təhsil və innovasiyalar, mədəniyyət, gənclər, turizm fəsillərini tamamlamışıq. Bir sıra məsələlər barədə də razılıq əldə edilib. Bura enerji sahəsində əməkdaşlıq da daxildir. Vətəndaş cəmiyyətinə dair məsələ ilə bağlı da müvafiq razılıq əldə etdik ”.
M. Məmmədquliyev qeyd edib ki, iqtisadi inkişaf, ticarətin genişləndirilməsi, ətraf mühit, qanunun aliliyi, multikulturalizm məsələləri ilə bağlı da irəliləyiş əldə etmək mümkündür.
925 dəfə oxundu