Qafqaz qaynayır: Prezident hökumətə qarşı çıxdı
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili seçki qanunvericiliyinin təcili dəyişdirilməsi gərəkdiyini bildirib.
Axar.az xəbər verir ki, parlamentdə çıxış edən prezident özünün də üzvü olduğu hakim koalisiyaya qarşı tənqidlər səsləndirib. Marqvelaşvilinin iddiasına görə, ölkənin seçki qanunvericiliyinin dəyişdirilməsi yeni Konstitusiyanın qüvvəyə minməsindən daha tez baş tutmalıdır.
Konstitusiyadakı dəyişiklikləri tənqid edən Marqvelaşvili bunun dövlət və demokratiya institutlarını zəiflətdiyini bildirib:
“Konstitusiya ilə bağlı əsas təşəbbüslər demokratiya və dövlət institutlarını zəiflədib. Biz özünüidarəni də zəiflətmişik. Prezidentə münasibətdə isə birbaşa seçkini ləğv etmişik ki, bu da əhalinin çoxunun istəkləri ilə üst-üstə düşmür. Əsas məsələ odur ki, 10 il əvvəl vəd edilən seçki islahatları 2024-cü ilə qədər təxirə salınıb. 2016-cı il parlament seçkisi siyasi sinfin yox olmasına gətirib çıxardı. Məqsədyönlü şəkildə gürcü siyasətindəki əsas oyunçular olan partiyaların rolu zəiflədildi. Güclü müxalifətin yaradılması üçün heç nə edilməyib”.
Marqvelaşvilinin çıxışından az sonra onunla parlamentin spikeri İrakli Kobaxidze arasında mübahisə yaranıb. Kobaxidze Marqvelaşvilini danışmaq istəyən deputatların çıxışına müdaxilədə ittiham edib. Buna etiraz olaraq Marqvelaşvili parlament zalını tərk edib.
Bundan sonra jurnalistlərə açıqlama verən Marqvelaşvili hakim partiyanı onunla diskussiyadan qorxduğu üçün qaçmaqda günahlandırıb. Marqvelaşvili bütün tərəflərlə diskussiyaya hazır olduğunu deyib.
Qeyd edək ki, Gürcüstanda prezident seçkisi bu il keçiriləcək. Prezident seçkisinə müxalifət koalisiya yaradaraq gedir.
Gürcüstanda seçki sistemində dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, ölkə 2024-cü ilə qədər majoritar sistemdən tam olaraq proporsional sistemə keçməli idi. Hakim partiyanın bu istəyi müxalifətin etirazına səbəb olub. Müxalifəti ən çox narahat edən məqam bonus sistemidir. Bu sistemə əsasən, müəyyən edilməmiş mandatlar qalib gələn partiyaya veriləcək.
Müxalifətin digər narahatlığı birbaşa prezident seçkisinin keçirilməsinə qadağanın qoyulmasıdır. Belə ki, yeni qaydaya əsasən, prezident 300 nümayəndədən formalaşacaq kollegiya tərəfindən seçiləcək.
Prezident seçkisi ilə bağlı yeni qayda 2024-cü ildən etibarən tətbiq ediləcək.
1058 dəfə oxundu